Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinə yeni təyin olunmuş baş direktor Xalid Salah Al-Rayes ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, A. Paşazadə ölkəmizdə milli mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlər, Qafqazın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyət istiqamətləri barədə məlumat verib.
İslam tarixində xüsusi yeri olan Azərbaycana ilk səfərindən məmnunluğunu bildirən qonaq ölkəmizdə ona və nümayəndə heyətinə göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib. QMİ sədri ilə ilk dəfə 1997-ci ildə görüşdüyünü xatırlayan Xalid Salah Al-Rayes Allahşükür Paşazadənin Küveytdə məşhur və sevilən şəxs olduğunu diqqətə çatdırıb və İslam dünyası qarşısında xidmətlərinə görə ona minnətdarlığını ifadə edib.
Küveytin Azərbaycanın dostu olduğunu vurğulayan şeyxülislam A.Paşazadə ölkələrimiz arasında dini-mənəvi əlaqələrin hər zaman yüksək səviyyədə olduğunu bildirib və ulu öndər Heydər Əliyevlə birlikdə Küveytdə keçirdikləri görüşləri xatırlayıb.
QMİ sədri İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın əsas problemi - Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində müsəlman dövlətlərinin dəstəyini hər zaman yüksək dəyərləndirdiklərini bildirib.
QMİ sədrinin müavinləri Müfti Salman Musayev və Rəşad Əliyarlı görüşdə iştirak ediblər.