Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev rəhbərlik etdiyi Musiqili Teatrın “Bakı-2015” Birinci Avropa Oyunları ilə əlaqədar iyun ayında xüsusi repertuar əsasında fəaliyyət göstərəcəyini söyləyib. O deyib: “İyun ayında teatrımızda 15 tamaşanın 24 dəfə nümayiş olunması nəzərdə tutulur. Bu səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. Paytaxtımıza dünyanın müxtəlif ölkələrindən qonaqların gələcəyini nəzərə alaraq, repertuarımızda olan bir sıra əsərləri ingilis dilinə tərcümə etmişik. Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Ər və arvad”, O.Kazimi və R.Heydərin “Qızıl toy”, J.B.Molyerin “Skapenin kələkləri”, Ə.Haqverdiyevin “Kimdir müqəssir?”, R.Hacıyev, E.Ocaqov, F.Zöhrabovun “Talelər qovuşanda” və başqa əsərlər ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbi qonaqlarımız üçün nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin xüsusi sifarişi ilə yaradılan bu imkanlar gələcəkdə də tamaşalarımızın xarici dillərdə nümayişinə imkan yaradacaq. Biz yaxın günlərdə artıq bu üsulu tətbiq etmişik və əldə olunan nəticə gözlədiyimizdən də yüksək səviyyədə olub. Bakıda keçirilmiş Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının iştirakçıları - təqribən 70-dək dövləti təmsil edən 400-ə yaxın mötəbər qonaq teatrımızda dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını bu üsulla izləyib. Qonaqlar tamaşadan böyük zövq aldıqlarını bildiriblər. Bir sıra tamaşalarımız isə rus dilində nümayiş olunacaq. Bütün bunları nəzərə alaraq tam məsuliyyətlə qeyd edə bilərəm ki, Azərbaycan Dövlət Musiqili Teatrı Birinci Avropa Oyunlarına hazırdır”.