Bişkek, 7 may, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirir.
Ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucovun “Kırqız Tuusu” rəsmi qəzetində “Dövlət başçısı olmaq vəzifədir, liderlik isə alın yazısıdır” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna xidmətləri haqqında məlumat verilir, Ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərdə əldə olunan uğurlar haqqında söhbət açılır.
Materialda ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğu diqqətə çatdırılır, Ulu Öndər dünya şöhrətli siyasəti və dövlət xadimi kimi xarakterizə olunur.
Bildirilir ki, müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub və bu danılmaz faktdır.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin təşəbbüsləri haqqında da məlumat verilir. Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin ev-eşiklərinə qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Lakin işğalçı Ermənistan dövləti hələ də bu sənədləri yerinə yetirmir və bununla da dünya ictimaiyyətinə meydan oxuyur.
Yazıda böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına xüsusi diqqət və məhəbbət ilə yanaşdığı haqda da söhbət açılır.
Məqalə bu sözlərlə bitir: “Ulu öndər Heydər Əliyev deyirdi: Manasın dili – bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek