Bakı, 7 may, Nihat Budaqov, AZƏRTAC
Azərbaycanın təbii qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəql edəcək “Cənub” qaz dəhlizinin tikintisi qrafikdə nəzərdə tutulan vaxtla müqayisədə daha sürətlə aparılır.
AZƏRTAC Almaniyanın “Sputnik” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev məlumat verib. Nazir bildirib ki, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) davamı olan və hazırda Türkiyə ərazisində inşası həyata keçirilən Trans-Anadolu qaz boru kəməri – TANAP İtaliya sərhədlərinə qədər uzanacaq “Trans-Adriatik” (TAP) boru kəməri ilə birləşəcək. “Hədəfimiz 2019-cu il Türkiyəyə 6 milyard kubmetr, 2020-ci ildə isə Avropaya 10 milyard kubmetr həcmində qaz tədarük etməkdir”, – deyə N.Əliyev qeyd edib.
N.Əliyev bildirib ki, bu kəmər Avropanı alternativ təbii qaz mənbələri ilə təmin edəcək. Lakin bu, Avropa İttifaqı ölkələri tərəfindən alınan Rusiya qazının həcmi ilə müqayisə olunacaq həcmdə deyil. Avropa İttifaqı enerji resurslarının idxalını diversifikasiya edəcəyinə ümid edir. Hazırda Avropanın ümumi istehlakının təxminən 1/3-i Rusiya qazının payına düşür və avropalılar bu asılılığı azaltmaq istəyirlər.