Bakı, 8 may, AZƏRTAC
Rumıniyanın “TVR” milli televiziyasının “Cap Compas” proqramının nümayəndə heyəti Azərbaycana gəlib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin mayın 14-dək davam edəcək səfəri çərçivəsində Azərbaycana həsr olunan 4 müxtəlif verilişin hazırlanması nəzərdə tutulub.
Qonaqlar Bakı, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və Naftalan şəhərinin tarixi-memarlıq irsi və turizm potensialı ilə tanış olacaqlar. Həmçinin, jurnalistlərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Qız qalası, “Qobustan” Milli Tarix-Bədii Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, Şəki Xan sarayı, Nizami Gəncəvinin məqbərəsinə ziyarətləri də təşkil ediləcək.
Eyni zamanda, “TVR” milli televiziyasının nümayəndələri tərəfindən Bakı şəhərində birinci Avropa Oyunlarına hazırlıqla bağlı və oyunların keçiriləcəyi məkanlarda bir sıra çəkilişlərin aparılması da planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan haqqında hazırlanan verilişlərin iyun ayından etibarən yayımlanması nəzərdə tutulur.