Bakı, 12 may, AZƏRTAC
Mayın 12-də Azərbaycan Milli İncəsənət Muzeyində “Məktəblilər üçün muzey həftəsi - muzeylər və ekologiya” proqramının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov proqramın əhəmiyyətindən danışıb. Bildirib ki, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü, habelə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə birgə həyata keçirilən bu proqram mayın 18-dək davam edəcək. Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyi əhatə edəcək proqramın məqsədi məktəblilərin muzeylərin kolleksiya fondunun ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə tanış edilməsidir. Beynəlxalq Muzeylər Gününə həsr olunan proqram çərçivəsində müxtəlif maddi mədəniyyət nümunələri ilə yerində tanışlıq məktəblilərin mənəvi inkişafında mühüm rol oynayacaq.
Mərasimdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva çıxış edərək layihə çərçivəsində məktəblilərin Azərbaycanın mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmalarının onların gələcəkdə şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayacağını söyləyib. Vurğulayıb ki, layihə şagirdlərdə milli mənəvi dəyərlərin inkişafına müsbət təsir göstərəcək.
Nazirlər Kabineti yanında “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin beynəlxalq əməkdaşlıq və mədəni əlaqələr şöbəsinin müdiri Anar Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Azadə Hüseynova çıxış edərək Beynəlxalq Muzeylər Günü ərəfəsində həyata keçirilən “Məktəblilər üçün muzey həftəsi - muzeylər və ekologiya” proqramının əhəmiyyətindən danışıblar.
Bildirilib ki, hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) bu il həmin günü “Muzeylər və cəmiyyətin davamlı inkişafı” mövzusuna həsr edib. Diqqətə çatdırılıb ki, muzeylərin rolu cəmiyyət ilə təmas yaratmaqda çox dəyərlidir.
Çıxış edənlər proqram çərçivəsində şagirdlərin ölkəmizin qədim tarixi, milli mənəvi dəyərlərimiz barədə daha ətraflı məlumatlar əldə edəcəklərinə əminliklərini bildiriblər.
Tədbirdə nəzərə çatdırılıb ki, mayın 16-dan 18-dək Beynəlxalq Muzeylər Günü münasibətilə ölkəmizdəki bütün muzeylərdə “açıq qapı” günləri keçiriləcək.
Sonra Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə təqdimatla çıxış edib və proqram barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, proqram çərçivəsində paytaxtın müxtəlif məktəblərindən beş minədək şagird Bakıdakı 15 muzeyin tarixi, etnoqrafik mədəni ekspozisiyası barədə ətraflı məlumat ala biləcəklər. Tanışlıq zamanı eko-etnoqrafik əlaqələrə xüsusi diqqət yetirilərək muzeylərin kolleksiya fondunda olan əsərlərdə insanla ətraf mühit arasında münasibətlər öyrəniləcək.
Yeni proqram üçün mərkəzin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və ekoloji mövzular seçilib.
Sonda məktəblilər Azərbaycan Milli İncəsənət Muzeyindəki ekspozisiyalarla tanış olublar.