Orada bir məzar var, tarixi sirli: Arzu tut, niyyətin həyata keçsə, gələrsən...

Orada bir məzar var, tarixi sirli: Arzu tut, niyyətin həyata keçsə, gələrsən...
14:12 29 Sentyabr 2019
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Balaxanı kəndi qədim tarixə malik kənddir. Balaxanı kəndinin adının mənası "Balaxana" sözündən - "bala" yuxarı, "xana" isə ev deməkdir. Yəni, yuxarı ev.

Maraqlıdır ki, Balaxanı Bakının digər kəndlərindən fərqlənən sakinlərinin öz dili var. Kəndin tarixi abidələrin çoxu isə XIV əsrə təsadüf edir.

Milli.Az bildirir ki, Sputnik Azərbaycan-ın əməkdaşı kənddə olub və sakinlərlə söhbətləşib.

Kənd sakinlərinin sözlərinə görə, Balaxanı Bakının ən qədim kəndlərindəndir. Uzun müddət baxımsız qalsa da, son aylar da Balaxanıya böyük diqqət ayrılıb. Kəndin yolları, tarixi abidələri təmir edilir. Deyilənə görə, kənd tam təmirdən sonra İsmayıllı rayonun Lahıc kəndini xatırladacaq.

Kəndin çoxlu sayda tarixi abidələri var. Bunlardan biri də Hacı Şəhla məscididir.

Məscid Balaxanı qəbiristanlığının hündür ərazisində tikilib. Məscidin yanından qəsəbə ovuc içi kimi görünür. Məscid iki hissədən ibarətdir. Abidənin tarixinin 1385-ci ilə gedib çıxdığı deyilir. Hazırda məscid təmir edilib. Qəbiristanlığa yaxınlarının məzarını ziyarətə gələn şəxslər burada namaz qılıb, dua edirlər.

Məsciddən bir qədər aralı Şakir Ağa türbəsi yerləşir. Türbə 1427-ci ildə inşa edilib. Yeri gəlmişkən, türbələr Balaxanı kəndinin qiymətli abidələrindən hesab edilir.

Kənd sakinlərinin iddiasına görə, Şakir Ağa türbəsi Şirvanşah İbrahimin vəzirinin oğlu tərəfindən tikdirilib və xalq arasında imarət adlanır.

Kəndin mərkəzində ovdan yerləşir. Ovdan XIV əsrdə Şirvanşahların göstərişi ilə tikilib. 40 pilləkənli quyu o dövrlərdə insanların su ilə təmin edilməsi üçün tikilib. Kənd sakinlərinin sözünə görə, əvvəllər ovdandan su götürülərək yaxınlıqdakı Qum hamamına ötürülərmiş.

Dəfələrlə ovdan zibillik içində qalıb, amma təmizlənərək yenidən istifadəyə verilib. Su quyusu 1920-ci illərə qədər istifadədə olub. Sonradan yenə məişət tullantılarının atıldığı yerə çevrilib. Hazırda ovdan yenidən təmizlənir.

40 pilləkənlə aşağı enmək asan deyil. Fotoları çəkən zaman müşahidə etdik ki, hazırda quyuda su yoxdur. Məişət tullantılarının altında qaldığı üçün quyu quruyub. Amma deyilənə görə, təmizlənmə işlərindən sonra quyuya yenidən su gələcək.

Hazırda Balaxanı qəbiristanlığında təmir abadlıq işləri aparılır. Qəbiristanlığın rəisi Vüqar Şeydabəyovun sözlərinə görə, əvvəllər qəbiristanlıq baxımsız vəziyyətdə olub: "Dörd ildir ki, abadlıq, təmir işlərinə başlamışıq. Bütün məzarların kənarında olan dəmir barmaqlıqlar rənglənib, məzarların ətrafı təmizlənir. Qəbiristanlığa su çəkilib, bulaqlar qoyulub". 

Son 4 ildə qəbiristanlıqda onlarla qədim tarixə malik olan qəbir daşları aşkarlanıb və onların mühafizəsi təmin edilib. Kənd sakinləri deyir ki, qəbiristanlıqdakı köhnə qəbirlərin 1200 ilə yaxın tarixi var. Bəzi daşlar isə torpağın altından çıxarılıb.

Qəbiristanlıqda kənd sakinlərinin inanc yerinə çevrilən Seyid Əhməd Baba piri yerləşir. Əslində pirin tarixini heç kim bilmir.

Kənd sakinləri deyir ki, pir də böyük tarixə malikdir. Pir əvvəllər dağılsa da, sonradan kənd sakinlərinin yardımı ilə abadlaşdırılıb. Bu pirə sakinlərin inamı o qədər çoxdur ki, ora gələn hər kəsə arzu, niyyət etmək təklif edilir. Deyirlər ki, arzuları yerinə yetsə, bura gəlib, nəzir versinlər...

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/790112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR