Bakı, 14 may, Elvira Məmmədova, AZƏRTAC
Mayın 14-də “Hilton-Bakı” hotelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) “Universitet qrantı” və “Sənaye qrantı” məqsədli müsabiqələrinin qalib layihələrinin elan edilməsi ilə bağlı təqdimat keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev layihələr barədə məlumat verib. Bildirilib ki, “Universitet qrantı” müsabiqəsi ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların daha yüksək səviyyədə dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə ünvanlı şəkildə maliyyələşdirilməsi məqsədilə ilk dəfə olaraq keçirilib. Təhsil Nazirliyi müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərib.
Qeyd edilib ki, “Sənaye qrantı” məqsədli müsabiqəsi isə ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, ölkə sənayesinin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, iqtisadiyyatın sənayeləşməsinin sürətləndirilməsi, sənayenin inkişafı üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsinə yönəlmiş əhəmiyyətli elmi-tədqiqat layihələrinin və tədbirlərinin qrantlar yolu ilə maliyyələşdirilməsi məqsədilə keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqənin reallaşmasına, ekspertiza işinin həyata keçirilməsinə təşkilati dəstək verib.