Bakı, 14 may, AZƏRTAC
Praqa Kitab Sərgisində ölkəmizi təmsil edən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nümayəndə heyəti Frans Kafkanın muzeyində olub.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərkəzin direktoru Afaq Məsud muzeyin əməkdaşlarına Kafka yaradıcılığının ilk dəfə 1996-cı ildə Azərbaycan oxucusuna tanıtdırılması istiqamətində görülən işlərdən danışıb. Afaq Məsud Tərcümə Mərkəzinin “Dünya ədəbiyyatının korifeyləri” seriyasından nəşr etdiyi “Frans Kafka” kitabını muzeyə hədiyyə edib.
Kafkanın sirli dünyasını özünəməxsus vasitələrlə – müəllifin prizmasından təqdim edilən şəhər mənzərələri, məşhur “Hökm” hekayəsinin baş qəhrəmanı Georq Bendemanın özünü çaya atdığı körpü, onun keçdiyi əyilmiş evlərlə dolu küçələrin xronikası, Kafka ağrıları saçan sarımtıl əlyazmalar, ədibin əsərləri əsasında hazırlanmış videoçarxlar, obrazlarının bioqrafiyası toplanan simvolik rəflər, nişanlı və sevgililərin fotoları, müxtəlif illüziya elementləri ilə labirint təəssüratı yaradan üçmərtəbəli bina muzey ziyarətçilərinə yazıçının həyatı və şəxsiyyəti barədə maraqlı bilgilər verir.