Deputat vergi qanunvericiliyinin pozulmasına görə cəzaların sərtləşdirilməsini təklif edir

Deputat vergi qanunvericiliyinin pozulmasına görə cəzaların sərtləşdirilməsini təklif edir
16:47 19 Oktyabr 2019
84 Digər
Ölkə mətbuatı
A- A+

"Prezident İlham Əliyev iqtisadi müşavirədə çıxışında vergidən yayınmanın nə qədər ağır cinayət olduğunu vurğulayıb. Məşhur bir deyimi xatırladım: “Dünyada iki şeydən qaçmaq olmaz: ölümdən və vergidən”. Bu deyimdə verginin labüdlüyü və nə dərəcədə həyati əhəmiyyətli olduğu açıq-aydın şəkildə ifadə olunur".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib.
Onun sözlərinə görə, iqtisadiyyatda fiskal, tənzimləyici, bölüşdürücü, nəzarətedici, stimullaşdırıcı və s. funksiyaları özündə ehtiva edən vergilər vasitəsilə dövlət iqtisadi, sosial və ictimai həyatın digər bütün sahələri üzrə nəzərdə tutduğu vəzifə və öhdəlikləri yerinə yetirir, mövcud problemlərin həllini təmin edir: "Bu nöqteyi-nəzərdən dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da vergidən yayınma hallarına, xüsusilə də bu sahədə cinayət xarakterli hərəkətlərə qarşı ciddi mübarizə tədbirləri aparılır və islahatlar daha da dərinləşdirilir". 

Şəmsəddin Hacıyev

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev

Vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməli, onlara qarşı ciddi cəza tədbirləri tətbiq edilməlidir
"Bildiyiniz kimi, 2018-ci ildə sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi istiqamətində Vergi Məcəlləsinə ciddi dəyişikliklər edilmiş və bu ilin əvvəlindən həmin dəyişikliklər qüvvəyə minib. Təqdirəlayiq haldır ki, qanunvericiliyə edilmiş bu dəyişikliklərdə inzibati alətlərlərdən daha çox stimullaşdırıcı mexanizmlərin tətbiqinə üstünlük verilmiş və bu da aparılan mübarizə tədbirlərinin effektivliyinin yüksəlməsinə səbəb olub. Rəsmi mənbələrə görə, cari ilin ilk 6 ayında qeyri-neft sektoru üzrə vergi daxilolmalarının artım tempi 14,3 faiz təşkil etməklə onun xüsusi çəkisi 65,8 faizdən 70,1 faizə yüksəlmişdir. Doqquz ayda isə Prezidentin qeyd etdiyi kimi, vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar sayəsində vergi və gömrük orqanları büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Burada mühüm faktlardan biri kimi əmək münasibətlərinin şəffaflaşdırılmasını xüsusi olaraq vurğulamaq istərdim. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, qeyri-dövlət və qeyri-neft sektorunda aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar gəlir vergisindən 7 il müddətinə azad edilmişdir. Nəticədə nə baş verdi? İlk növbədə, əmək müqavilələrinin sayı əhəmiyyətli dərəcədə artdı. Belə ki, cari ilin 6 ayı ərzində 101 min yeni əmək müqaviləsi qeydə alındı ki, bunun da 77 mini qeyri-dövlət və qeyri-neft sektorunun payına düşüb. Eyni zamanda bu güzəştlər sayəsində 150 milyon manat vəsait vətəndaşlarımızın büdcəsində qaldı və ilin sonuna qədər bu məbləğin 300 milyon manata çatacağı gözlənilir. İş yerlərinin rəsmiləşdirilməsinin digər mühüm nəticəsi isə məcburi sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmaların artması oldu. Bu kimi çoxlu sayda uğurlu misalları və statistikanı göstərmək mümkündür. Lakin, çox təəssüf ki, bəzi dırnaqarası sahibkarlar ölkədə yaradılmış bu münbit şəraitdən sui istifadə edərək vergiləri ödəməkdən yayınmağa, vergi güzəştlərini öz mənafelərinə uyğun şəkildə manipulyasiya etməyə çalışırlar və bu gün də vergiləri tam ödəməyən bir çox şirkətlər, sahibkarlıq subyektləri mövcuddur. Bu tip sahibkarlar başa düşməlidirlər ki, vegilərdən yayınmaqla onlar sosial müdafiəyə ehtiyacı olan insanların rifahının artırılması imkanlarını məhdudlaşdırır, sosial və investisiya layihələrinin icrasına mənfi təsir göstərirlər. Beləliklə, dolayısı ilə sahibkarların özləri üçün də mühüm əhəmiyyət kəsb edən bazarın tutumu göstəricilərindən hesab olunan əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsində, biznes üçün zəruri infrastrukturların yaradılması və inkişaf etdirilməsində müəyyən əngəllər yaradırlar. Göründüyü kimi, burada bumeranq effekti yaranır və sahibkarlar bunu əsla unutmamalıdırlar", - deyə deputat qeyd edib.
Ş.Hacıyev bildirib ki, ölkədə vergi mədəniyyətinin inkişafı üçün ciddi maariflələndirmə və təbliğat işlərinin davam etdirilməsinə ehtiyac var: "Bununla yanaşı, qanunvericiliyimizdə nəzərdə tutulmuş cəzalar daha da sərtləşdirilməli və Prezidentin vurğuladığı kimi, vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməli, onlara qarşı ciddi cəza tədbirləri tətbiq edilməlidir".


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/vergi-qanunvericiliyinin-pozulmasina-gore-cezalarin-sertlesdirilmesi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR