EMİN Gəncədə minlərlə pərəstişkarı qarşısında konsert proqramı ilə çıxış edib (FOTO/VİDEO)

EMİN Gəncədə minlərlə pərəstişkarı qarşısında konsert proqramı ilə çıxış edib (FOTO/VİDEO)
11:15 28 Oktyabr 2019
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Oktyabrın 27-də Azərbaycanın Xalq artisti, tanınmış müğənni-bəstəkar EMİN Gəncədəki Heydər Əliyev Park Kompleksində konsert proqramı ilə çıxış edib.

Trend-in məlumatına görə, konsertdə EMİN tamaşaçılar qarşısında məşhur hitlərini səsləndirib. Bunların sırasında “AMOR”, “Nejnaya”, “Sinaya vecnost”, “Azərbaycanım” və digər sevilən mahnıları olub.

Konsert Gəncə sakinlərinin böyük coşqusu və alqışları ilə qarşılanıb. Tamaşaçılar bütün mahnıları demək olar ki, müğənni ilə birgə ifa ediblər.

Gəncədə ilk dəfə çıxış etdiyini deyən EMİN konsertdəki gözəl atmosferə görə pərəstişkarlarına minnətdarlığını bildirib.

“Təəsüratlarım möhtəşəmdir. Mən tamaşaçıların gözlərində qığılcım, istilik gördüm. İnsanlarla birlikdə olduq. Mənə çox xoş oldu ki, gəncəlilər bizi belə isti qarşıladılar”, - deyə EMİN bildirib.

EMİN peşəkar musiqi karyerasına 2006-cı ildə başlayıb. Həmin ildə onun “STILL” adlı birinci studiya albomu çıxıb. Rusiyada bu diskin 70 000, MDB üzvü olan digər ölkələrdə isə 30 000 surəti satılıb. Debüt albomunun uğurundan sonrakı üç il ərzində EMİN daha üç ingilisdilli disk buraxıb: “Incredible” (2007-ci il), “Obsession” (2008-ci il) və “Devotion” (2009-cu il). Onların hər biri Moskvada və Bakıda canlı konsertlərlə müşayiət olunub.

2010-cu ildə EMİN məşhur prodüser Brayan Rolinqlə (Brian Rolling) onun “Metropolis Studios” studiyasında işləmək üçün Londona köçüb. Beynəlxalq aləmdə tanınmış “Wonder” (2010-cu il) və “After the Thunder” (2012-ci il) albomları məhz bu yaradıcılıq ittifaqının nəticəsi olub. “Wonder” Avropanın ən böyük radiostansiyası olan “BBC Radio 2” tərəfindən həftənin ən yaxşı albomu hesab edilib. Bundan sonra EMİN iki sinql (“Obvious” və “Any Time You Fall”) buraxıb, onlar da həftənin ən yaxşı sinqli hesab edilib.

2013-cü ildə Moskvadakı “Crocus City Hall”da keçirilmiş “Miss Universe” beynəlxalq müsabiqəsi çərçivəsində EMİN dünyanın 160 ölkəsindən bir milyardlıq televiziya auditoriyası qarşısında çıxış edib.

2013-cü ildə EMİN “Mən hamıdan yaxşı yaşayıram” (“Я лучше всех живу”) adlı rusdilli hitini buraxıb və bu mahnıya görə “Qızıl qrammofon” mükafatına layiq görülüb.

2016-cı ildə musiqiçi ilk dəfə olaraq Rusiyanın 50-dən çox şəhərinə turneyə çıxıb. Həmin ildə Sankt-Peterburqdakı Saray Meydanında əfsanəvi musiqi prodüseri, 16 dəfə “Qremmi” mükafatına layiq görülmüş Devid Foster ilə birlikdə eksklüziv proqram təqdim edib. Meydana 50 000 tamaşaçı toplamış bu şou PBS telekanalı vasitəsilə ABŞ-ın 100-dən çox şəhərinə və ən böyük ştatlarına yayımlanıb.

2017-ci ildə müğənninin 13-cü albomu, rusdilli “Прости, моя любовь” duet plastinkası çıxıb və alboma Ani Lorak, Polina Qaqarina, Valeri Meladze, Aleksandr Marşal, Vladimir Kuzmin və Stiven Siqal ilə birgə ifa etdiyi mahnılar daxil olub.

Hazırda EMİN Rusiya şəhərlərində və başqa ölkələrdə fəal çıxışlarını davam etdirir. Qriqori Leps və Sergey Kojevnikovla birlikdə Bakı şəhərində “JARA” (“ЖАРА”) illik beynəlxalq musiqi festivalının təşkilatçısıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3140056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR