Bakı Şəhər Prokurorluğu orqanları ötən ilin yekunlarını və qarşıda duran vəzifələri müzakirə ediblər

17:03 16 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2014-cü ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki,
müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan müasir məzmunlu siyasət tədbirləri nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, Vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunub, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılıb.
Bildirilib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərilərək bir çox nailiyyətlər əldə olunub.
Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik əsasən düzgün təşkil edilib. Bu sahədə tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib. Görülmüş müsbət işlərin nəticəsidir ki, il ərzində prokurorluqda 210, daxili işlər orqanlarında isə 4517 cinayət işinin istintaqı tamamlanıb. Paytaxtın prokurorluq və digər hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib.
Yasamal rayonunda Xoşavaz Mənəfovanın və Vahid Əhmədovun, Nərimanov rayonunda Mikayıl Əsədovun, Suraxanı rayonunda Güllərə Qurbanovanın, Sabunçu rayonunda isə İltifat Mehralıyevin qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri cinayətlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.
Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatlıq doğuran əsas problemlərdən biri olması şəhər prokuroru tərəfindən xüsusilə vurğulanaraq bildirilib ki, Prezident İlham Əliyevin 2012-ci il 26 dekabr tarixdə imzaladığı “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamdan irəli gələn vəzifələrin layiqincə icrası daim nəzarətdə saxlanılıb, il ərzində xüsusən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri Bakı Şəhər Prokurorluğunun diqqət mərkəzində olub. Bu sahədə həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, ötən illə müqayisədə baş vermiş ölümlə nəticələnən yol- nəqliyyat hadisələri azalıb, hadisə yerindən qaçan sürücülərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində müsbət nəticələr əldə edilərək bağlı qalmış cinayətlərin sayı da azalıb. Həmçinin müşavirədə bu sahədə mövcud olan çatışmazlıqların və yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruri tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib.
Müşavirədə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılması işinə qayğı və həssaslıqla yanaşılması tələb olunub. Bildirilib ki, hesabat dövründə şəhər prokurorluğunda ümumilikdə 1306 vətəndaş qəbul edilib.
Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlara da diqqət yetirilərək 2013-ci illə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə və quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq, iki qəsdən adam öldürmə, 29 quldurluq cinayətinin açılmaması narahatlıq hissi ilə qeyd edilib, həmin cinayətlərin tezliklə açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün intensiv və məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi, bu məqsədlə xüsusən də, kriminalistika xidməti işinin daha da gücləndirilməsi vurğulanıb. Şəhər prokuroru tərəfindən bu istiqamətdə zəruri göstərişlər verilib, prokurorluq, daxili işlər orqanlarının istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil olunub, onların aradan qaldırılması tələb edilib.
Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunmaqla vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 21 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 4 nəfər vəzifədən azad olunub, 1 nəfər isə vəzifədən kənarlaşdırılıb.
Müşavirədə şəhər prokurorunun müavini Azər Əsgərov, şəhər prokurorluğunun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mircavan Kazımov və rayon prokurorları çıxış edərək hesabat ilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlər barədə ətraflı məruzə edib, prokurorluğun fəaliyyətinin səmərəliliyinin daha da artırılması, mövcud nöqsanların aradan qaldırılması barədə konkret təkliflər irəli sürüblər.
Əməliyyat müşavirəsinə yekun vuran şəhər prokuroru Əziz Seyidov əmin olduğunu bildirib ki, şəhər prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar hüquq mühafizə orqanları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR