İqtisadiyyat və sənaye naziri Neftçalada vətəndaşları qəbul edib 

İqtisadiyyat və sənaye naziri Neftçalada vətəndaşları qəbul edib 
17:18 16 Yanvar 2015
125 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
Yenicə başlayan 2015-ci ildə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin bölgələrdə ilk vətəndaş qəbulu yanvarın 16-da Neftçalada keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda Salyan, Neftçala və Biləsuvar rayonlarından olan 50-yə yaxın vətəndaş iştirak edib.
Vətəndaşlar əsasən istehsal və emal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin təşkilinə dəstək göstərilməsi, güzəştli kreditlərin verilməsi, yaşayış məntəqəsinin qazlaşdırılması, kənd yollarının tikintisi, elektrik xətlərinin yenilənməsi, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Müraciətləri diqqətlə dinləyən nazir Şahin Mustafayev İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Digərləri nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən qanunvericiliyə uyğun operativ araşdırılaraq, müvafiq tədbirlər görüləcəkdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla həll olunması üçün aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilib, əkinçilik, heyvandarlıq, çörəkbişirmə, balıqçılıq, mebel istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Yanvarın 16-da birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul ediliblər. Hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, onların operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, ötən il iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin 11 vətəndaş qəbulu keçirilib. Həmin qəbullarda 700-dən çox vətəndaşın müraciəti dinlənilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR