Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 400 manata görə tanışını amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Yarəli Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilməyə dəvət olunan Kəbirə Dadaşova gəlməyib. Təqsirləndirilən şəxsin vəkili çıxış edərək K. Dadaşovanın məhkəmədə ifadə vermək istəmədiyini bildirib. Hakim Rauf Əliyev məhkəmə istintaqının başa çatdığını bildirib. Söz dövlət ittihamçısına verilib. O, çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi mayın 25- də davam edəcək.
Qeyd edək ki, qətl keçən il oktyabr ayında, gecə saat 12 radələrində Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində “Göl” deyilən ərazidə qeydə alınıb.
Savalan yeni yaşayış massivində yaşayan 18 yaşlı Asim Bünyazadə dostu, 20 yaşlı Xızı rayon sakini Yarəli Dadaşovla birlikdə şəxsi münasibətlər zəminində tanışı Gədəbəy rayon sakini 22 yaşlı Röyal Səfərovu qətlə yetirib. Tanışlar arasında münasibətlərin pozulmasına pul səbəb olub.
Röyal Səfərovun öldüyünü görən dostlar hadisə yerini tərk ediblər. Hadisədən 20 saat sonra Asim Bünyadzadə və Yarəli Dadaşov 14-cü polis bölməsinə gələrək könüllü təslim olublar. Onların ifadəsindən sonra hadisə yerinə gedən polis əməkdaşları Röyal Səfərovun meyitini orada aşkarlayıblar.