Bakı şəhəri, Binəqədi rayonunda Azadlıq 170 ünvanındakı yaşayış binasında baş vermiş yanğınla əlaqədar 50 nəfər yaralı artıq təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlcədən yaralıların qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda yaralılara ən yüksək səviyyədə bütün lazımi tibbi yardım göstərilib. Hazırda yaralıların əksəriyyəti 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində toksiki zəhərlənmə diaqnozu ilə yerləşdirilib. Digər yaralılar Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı BŞX-na və Yanıq şöbəsinə yerləşdirilib.
Hazırda səhiyyə nazirinin müavinlərinin xəstəxanalarda yaralıların vəziyyəti ilə şəxsən tanış olur. Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası artıq qayıtmaq üzrədir. 3 briqada hazır vəziyyətdə hadisə yerində qalıb. Xəstəxanalarda olan yaralıların həyati təhlükəsi olmadığı deyilir.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Referens-labratoriyasında hospitalizə olunmuş yaralıların qanları müayinə olunub. Müayinələr zamanı xəsarət alanlara natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulub. Orta və ağır dərəcə dəm qazından zəhərlənmə nəticəsində yaralıların qanlarında karboksiqemoqlobin aşkarlanıb.