Nazir: "İnanırıq ki, Rusiya münaqişə düyününün açılmasının başlanılmasında əsas rollardan birini oynamağa qadirdir"

"Öncə, Azərbaycan ilə Rusiya arasında münasibətlərin inkişafı baxımından başa çatmaqda olan ilin yekunlarına verdiyiniz yüksək qiymətlə razılaşmaq istərdim. Məmnuniyyətlə qeyd etməliyəm ki, bu münasibətlər ildən-ilə sabitlik və dinamizm nümayiş etdirir".

Metbuat.az xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair "Report" və bir neçə KİV-in suallarını cavablandırarkən deyib.

"Bu il başa çatmaq üzrədir və bu müsbət dinamika da inkişaf etmişdir. Sözsüz ki, sualınızda bəhs etdiyiniz yüksək siyasi rəhbərlik səviyyəsindəki sıx əlaqələr və etibarlı dialoq həlledici rol oynamaqda davam edir. Bu, siyasi münasibətlərdən tutmuş ticarət, iqtisadi və humanitar əməkdaşlığa qədər münasibətlərimizin bütün spektrini əhatə edən strateji tərəfdaşlığın gələcək inkişafı üçün əlverişli zəmin yaradır.

Məlum olduğu kimi, əlaqələrimizin inkişafı məqsədyönlü və proqram xarakteri daşıyır. Konkret istiqamətlər üzrə "yol xəritələri"ndə nəzərdə tutulan və həyata keçirilən tədbirlərdən altısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına ötənilki rəsmi səfəri zamanı, ikisi isə bu ilin dekabrında Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın on səkkizinci iclasının yekununda imzalanmışdır. İlkin hesablamalara görə, 2019-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 3 milyard ABŞ dolları səviyyəsinə çatacaq.

2019-cu ildə müsbət bir tendensiya, bir milyon insan sayına yaxınlaşmaqla Rusiyadan turist axınının davam etməsi olub. Bu, çox mühüm bir göstəricidir və insanlar arasındakı təmasların intensivliyinin əyani təsdiqi kimi bizi sevindirir. Əlbəttə, bu, onu göstərir ki, rusiyalılar Azərbaycanda özlərini rahat hiss edirlər, burada səmimi qəbul ilə üzləşirlər və dil baryerinin olmamasının üstünlüklərindən istifadə edirlər.

Bütün bu müsbət tendensiyaların gələn il də davam edəcəyini gözləyirik. Ümid edirəm ki, çox faydalı hesab etdiyim xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində qarşılıqlı səfər mübadiləsi təcrübəsinin davam etdirilməsi də bu prosesə öz töhfəsini verə biləcəkdir.

Əlbəttə, Rusiya Federasiyasının da həmsədr qismində çıxış etdiyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşməsinə xüsusi ümid bəsləyirik. Hesab edirik ki, bölgədəki sülh və sabitlik maraqları tez bir zamanda hiss oluna biləcək siyasi nəticələrə nail olmaq zərurətini diktə edir. İnanırıq ki, Rusiya münaqişə düyününün açılmasının başlanılmasında əsas rollardan birini oynamağa qadirdir.

Beləliklə, ümumiyyətlə gələcəyə nikbinliklə baxırıq və öz tərəfimizdən inkişafımızın strateji hədəflərinin reallaşması istiqamətində fəaliyyət göstərməkdə qərarlıyıq", - deyə XİN başçısı vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR