Qahirə, 20 may, AZƏRTAC
Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Misirin Yaxın Şərq Xəbərlər Agentliyinin Avropa məsələləri üzrə jurnalisti Şöhrət Arif bu tədbir barədə məqalə yazıb.
Yaxın Şərq Xəbərlər Agentliyində yayılan məqalədə müəllif Forumun əhəmiyyətini vurğulayır, rəsmi açılışda nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinə geniş yer verir. Azərbaycanın hər zaman xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə çalışdığı diqqətə çatdırılır.
Müəllif Forumda mədəniyyətlərarası münasibətlərə müsbət dinamika verilməsi üçün dəyərli fikirlər səsləndiyini vurğulayır, mədəniyyətlərarası dialoqun, dini, milli dözümlülüyün və tolerantlıq məsələlərinin müzakirə edilməsinin önəmini qeyd edir.
Yazıda dövlətimizin başçısına istinadla Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşdiyi, əsrlər boyu bütün mədəniyyətlərin, dinlərin və etnik qrupların nümayəndələrinin ölkədə sülh və ləyaqət şəraitində bir ailə kimi yaşadıqları diqqətə çatdırılır. Multikulturalizm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi məqsədilə müxtəlif beynəlxalq tədbirlər keçirilməsinə və müsbət meyillərin güclənməsi üçün dünyada belə açıq müzakirələrə və fikir mübadiləsinə ehtiyac olduğu vurğulanır.
Yaxın Şərq Xəbərlər Agentliyi tərəfindən yayılan bu məqalə Misirin digər kütləvi informasiya vasitələrində də verilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə