Sənədsiz evlərin məsələsi - yenə "qırmızı işıq"?

Sənədsiz evlərin məsələsi - yenə "qırmızı işıq"?
13:57 17 Yanvar 2015
234 Sosial
Ölkə mətbuatı
A- A+

“Neft Şirkəti və digər təşkilatlarla mübahisəsi olan vətəndaşlar birdəfəlik bilsinlər ki...”
Sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi yenə kağız üstündə qala bilər.

Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin sənədsiz evlərə mülkiyyət hüququnun verilməsi ilə bağlı fərmanı ilə bağlı rəylər müxtəlifdir. Rəsmi qurumlar isə fərmanın qanunsuz, özbaşına tikilən tikintilərə şamil edilməyəcəyini vurğulayır.

Bu arada Əmlak Məsələləri Dövlət Komitəsi dövlət başçısının sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı imzaladığı fərmanın əhatə dairəsini açıqlayıb.

ANS TV-nin məlumatına görə, komitənin nəzdindəki Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəis müavini Elşən Məmmədov fərmandan kimlərin yararlana biləcəyini dəqiqləşdirib.

Elşən Məmmədov bu fərmanın qanunsuz, özbaşına tikilən tikintiləri əhatə etmədiyini deyib. O, fərmanın müxtəlif dövrlərdə əlində sənədləri olduğu halda prosesdən yayınmış vətəndaşların problemlərini həll etmək və qeydiyyatı təkmilləşdirmək məqsədi daşıdığını vurğulayıb. E.Məmmədovun sözlərinə görə, bu sərəncamla vətəndaşlar öz əmlaklarını çox çevikliklə qeydiyyatdan keçirəcəklər. Bunun üçün vətəndaşlar Dövlət Reyestr Xidmətinin rayon şöbələrinə müraciət etməlidirlər.

Ekspert Qubad İbadoğlu isə musavat.com-a bildirib ki, fərman birmənalı olaraq qanunsuz tikililəri nəzərdə tutmur və həmin tikililər sənədləşməyəcək: “Sənədsiz tikililər iki qrupa bölünür, qanuni yerdə tikilənlər və qanunsuz yerdə tikilən evlər. Bu fərman qanunsuz tikililərə şamil edilməyəcək. Neft Şirkəti ilə, digər təşkilatlarla mübahisəsi olan vətəndaşlar birdəfəlik bilsinlər ki, bu fərmanla onlara ”qırmızı işıq" yandırıldı. Yalnız o evlərə sənəd verə biləcəklər ki, qanunsuz yerdə tikilməyib, amma indiyə qədər də sənədləşdirilməyib. Çünki tikintiyə icazəni Reyestr Xidməti deyil, başqa idarələr verib. Reyestr də indiyə qədər onları tanımırdı, indi tanıyacaq. Bu, 2004-cü ilin 29 iyununadək tikilən evlərdir. Çünki “Reyestr haqqında” Qanun o vaxtdan qüvvədədir".

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə modern.az-a açıqlamasında bu fərmanla problemin həll olunacağına ümid etdiyini bildirib: “Çünki biz gecikmişik. Sənədsiz evlərin əksəriyyəti həyət evidir. İnsanlar ev tikib, həmin evlərin sahəsinin hesablanmasına dair problemlər var. Prezident 2-3 il əvvəl bununla bağlı göstəriş verdi. Komissiya yaradıldı, bütün materiallar toplandı. Hər şey hazırdır. Prezident sərəncamı ilə yaradılan komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilən evlərlə bağlı araşdırma aparılıb, bütün lazımi sənədlər toplanaraq Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Sadəcə, məsələnin həlli üçün qərar verilməlidir. Hazırda işin əsas yükü Bakı Şəhər İcra Hakimiyyətindədir”.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov isə bildirib ki, vətəndaşların onsuz da sənədləri var, sadəcə, əvvəlki qanunda bunlar öz əksini tapmayıb: “Burada söhbət qanunsuz və sənədsiz evlərdən getmir. Söhbət 2004-cü ildə qəbul olunan ”Reyestr haqqında" Qanunda əksini tapmayan sənədlərin siyahıya salınmasından gedir. Bu fərmanla həm qeydiyyat orqanlarının, həm də vətəndaşların işi asanlaşdı. Sovetlər dövründə verilən sənədlər “Reyestr haqqında” Qanunda öz əksini tapmamışdı. Bu evlərin onsuz da sənədi olub. Sadəcə, qanunla əsaslı hesab edilməyib. Biz həmin vətəndaşları qeydə almaqda çətinlik çəkirdik. Amma bu fərmanla indi qeydiyyat prosesi yüngülləşdiyindən qanuna edilən dəyişiklik əsasında da işlər davam etdiriləcək".

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən də bildirilib ki, prezident fərmanı heç bir sənədi olmayan icazəsiz evlərə şamil olunmur. Bakı Şəhər İcra Hakimiyyətindən görülən işlərin hansı mərhələdə olduğunu öyrənmək istəsək də sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bununla bağlı rəhbərlikdən informasiya ala bilmədiyi üçün hər hansı bir açıqlama verə bilməyib. Qeyd edək ki, paytaxtda qanunsuz tikililərin sayının 400-600 min olduğu bildirilir.

"Yeni Müsavat"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR