Aşıq Muşqulat aparıcı Zaurla bağlı görün NƏLƏR DEDİ: "Məni məcbur edirdi ki...” - MÜSAHİBƏ

Aşıq Muşqulat aparıcı Zaurla bağlı görün NƏLƏR DEDİ: "Məni məcbur edirdi ki...” - MÜSAHİBƏ
16:23 3 Mart 2020
132 Digər
Ölkə mətbuatı
A- A+

Xəzər TV-də yayımlanan "5-də 5" proqramının aparıcısı Zaur Kamalla parodiyaçı-aktyor Elnur Mahmudov arasında qalmaqal baş verib. Tərəflər arasında gərginlik bir həftə bundan əvvəl yaranıb. E.Mahmudovun sözlərinə görə, o, Z.Kamalın təkidi ilə ərizə yazaraq işdən ayrılıb.

Aktyor Publika.az-a müsahibəsində aralarında yaranan mübahisəyə ətraflı açıqlama verib.

- “5/5” verilişinin layihə rəhbəri Rauf Sübhiyev bildirib ki, Muşqulat obrazını o, yaradıb. Geyim, parodiyalar, efirdə gedən səhnələrin hamısının özünə aid olduğunu deyib. O, sizin verilişdən getməyinizi “Planet parni iz Baku” teatrına qayıtmağınız və verilişə laqeyd yanaşmağınızla əlaqələndirir.

- 2009-cu ildən KVN teatrında çalışıram. Respublikanın Əməkdar artisti Tahir İmanovun nə dərəcədə nizam-intizamlı və sərt rəhbər olduğunu bu sferada olan hər kəs bilir. Əgər məsuliyyətsiz və işimi yolaverən olsaydım, bunu birinci növbədə tamaşaçı hiss edərdi, xalqın gözü tərəzidir. İkincisi, məsuliyyətsiz aktyor olsaydım, Tahir İmanov məni o teatrda saxlamazdı.

Rauf Sübhiyev deyib ki, Muşqulat obrazı onundur. Fakt olaraq 2010-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədbirində çəkilən foto göstərə bilərəm, o universitetin tələbəsi olmuşam. Tədbirdə aşıq obrazını canlandırmışam. Aşıq Muşqulatın ifalarında saz mahnıları şəxsən özümə məxsusdur, sazı özüm ifa etmişəm, ləhcə də mənə aiddir, səs tembrini özüm seçmişəm. Bütün bunları layihə rəhbərinə mən təklif etmişəm ki, belə bir obrazı canlandıra bilərəm. Bir sözlə, öz potensialımı ona sərgiləmişəm. İlk təklif məndən gəlib, aşıq Muşqulat obrazında olan bütün xarakterləri kimsə mənə öyrətməyib, xırdalıqları özüm əlavə etmişəm.

Parodiyalara gəldikdə, onlar layihə rəhbəri tərəfindən yazılıb, bəli. Mən də aktyor kimi layiqincə öhdəsindən gəlməyə çalışmışam, canımı qoymuşam. "5-də 5" verilişində layihə rəhbəri və ya Zaur Kamal deyə bilməz ki, hər hansısa parodiyanı onlar mənə öyrədib. Mən "Planeta Parni iz Baku"dan hazır gəlmişdim, Heydər Əliyev Sarayının səhnəsində 50 dəfə çıxış etmişəm. Parodiyasını etdiyim sənətçilərin adlarını da layihə rəhbərinə özüm təklif etmişəm. Belə olan halda hansı haqla deyirlər ki, Muşqulat obrazını mən yaratmışam. İnsanın əməyini bu qədərmi yerə vurmaq olar?

- Bütün baş verənlərin səbəbini nə ilə izah edirsiniz?

- Rauf Sübhiyev deyib ki, tədbirlərinə getməmişəm. Ağız dolusu elə danışırlar ki, sanki ciddi konsertdən söhbət gedir. Konsert dedikdə, Rusiyanın bir şəhərində kommersiya məqsədilə təşkil olunan məclisdən söhbət gedir. Özləri də bilir ki, ora getsəydim, mənə müəyyən yerlərə qadağa qoyulacaqdı. Layihə rəhbərinə bu səbəbləri izah etdim, Rauf bəy isə cavabında “Nə edək, indi biz oturub barmağımızı soraq” dedi. Halbuki, məndən çox maaş alır və dünənə kimi aşıq Muşqulat obrazı yox idi, toylara da getmirdi. 5-10 manata görə münasibətimizi korlamaq istəmədiyimi dedim. Konsert dedikləri tədbirin biri də Gürcüstanda keçirilməli idi. Konsertin qonaqları da tanınan ifaçılar deyildi.

- Tahir İmanovla ötən il dalaşdığınız doğrudur?

- Keçən il "Planeta Parni iz Baku" KVN teatrında çıxış etməmişəm, lakin bu, o demək deyil ki, Tahir bəylə dalaşmışdıq. Konsertdən qovulmamışam, bəzi səbəblərdən dolayı iştirak edə bilmədim. Və qanlı-bıçaq olub getməmişdim. Bu il Tahir İmanovla görüşüb məsələyə aydınlıq gətirdik, qısası anlaşdıq, aradakı problem həll olundu. O, məni builki konsertə dəvət etdi. Odur ki, düşmənçilikdən söhbət gedə bilməz.

Layihə rəhbəri ilə Zaur Kamal iddia edir ki, məni onlar populyar edib. Gözləmədiyim halda mənə qarşı təxribat aparmağa başladılar. Şərt qoydular ki, ya "Planeta Parni iz Baku" teatrına get, ya da bizim verilişdə qal. Halbuki, "Planeta Parniz iz Baku" teatrının konsertinə hazırlıq 15-20 gün davam edəcəkdi və mən verilişə çıxmaqdan imtina etməmişdim. Qarşıma şərt qoydular.

O teatrda yetişdiyimi nəzərə almadılar. Yeri gəlmişkən, Zaur Kamalı mən "Planeta Parni iz Baku"nun konsertində parodiya etmişdim. Tanışlığımızın səbəbkarı da konsertdəki parodiya olmuşdu. Zaur Kamal 5-10 manat pula görə məni məcbur edirdi ki, keçmişimi danım, keçmişimə təpik atım. Şəxsi maraq və prinsiplərinə görə Zaur Kamal ərizəni qarşıma tulladı ki, işdən çıx. Uşaqlarla işdə oturmuşduq, bu an Zaur Kamal içəri girib ərizəni elə tulladı ki, sanki itin qabağına sümük atırdı.

- Ola bilərmi ki, parodiyalarınızın verilişə daha çox reytinq gətirməsi aparıcını, yəni Zaur Kamalın qısqanclığına səbəb olsun? Sizə qarşı dəyişməsinin kökündə bu səbəb dayana bilər?

- Mümkündür, keçən ilin ortalarında parodiyalara başlayanda, Zaur Kamal verilişdə məni yüksək səviyyədə təqdim edirdi. Parodiyalardan sonra studiyada oturub qonaqlarla söhbət edirdim. Bir müddət sonra gördü ki, tamaşaçıların rəğbətini qazana bilmişəm. Parodiyalar “partlatmağa” başladı, haqqımda çox tərif deyilirdi. Duyğusal insanam, Zaur Kamal da mənə qarşı paxıllıq hissi baş qaldırdığını sezdim. İlin sonlarına yaxın mənə qarşı qısqanclığını artıq açıq-aydıb hiss olunurdu. Efirdə mənə acı cavablar verirdi, sözümü yarımçıq kəsirdi, hiss edirdim ki, mənə qarşı qərəzli münasibətini efirdə də gizlədə bilmir. Bu münasibəti dost-tanışım görsə də, yenə də bu insanı heç kimin yanında pisləmədim.

- Sizcə, “5-də 5” əvvəlki reytinqini qoruyub saxlaya biləcək? Ya yeriniz görünəcək?

- Heç vaxt özümü tərifləyən aktyor olmamışam. Onu deyə bilmərəm, Zaur Kamal da 20 ilin aparıcısıdır. Keçən əməyim barədə ancaq tamaşaçı rəy deyə bilər. Etiraf edirəm ki, televiziyaya məni o gətirib. Bunu danmıram, amma hər şey qarşılıqlı olub. Kollektiv olmuşuq, mənə göstərdiyi etimadı layiqli şəkildə doğrulda bilmişəm. Əgər maraqsız olsaydım, məni bir gün də efirdə saxlamazdı.

- Yerinizə başqa aktyor dəvət olunub. Sizi əvəz edə biləcək?

- Yenə də deyirəm, onu tamaşaçı bilər.

- Muşqulat obrazını davam etdirməyi düşünürsünüz?

- Əlbəttə, artıq televiziya təklifləri də var. Yaxın zamanda onu açıqlayacam və onu özümlə aparacam. Muşqulatın aşıq geyimini kanala təhvil verməmişəm deyə dəfələrlə zəng vurub formanı qaytarmağımı istəyiblər. O formada zəhmətimin təri var, o obrazı mən sevdirmişəm, necə qaytara bilərəm. Ehtiyat edirlər ki, yeni gələn aktyor Elnurun yerini verə bilməz, odur ki, forma və papaqla tamaşaçıya yarınmağa çalışırlar. Heç bir şikayətim yoxdu, şikayətlənən insan da deyiləm.


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/306726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR