Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Rusiya Federasiyasının Tatarıstanın Kazan şəhərində keçiriləcək türk xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında təmsil olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 1-dən 5-dək keçiriləcək festivalda Tatarıstan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Krım tatarlarının, Türkiyə, Altay, Saxa, Aktau, Çuvaş, Özbəkistan və Başqırdıstanın teatr kollektivləri iştirak edəcək.
Akademik Milli Dram Teatrı festivalda ölkəmizi “Kitabi Dədə-Qorqud” eposunun “Dirsə xan oğlu Buğac” boyunun motivləri əsasında hazırlanmış “İlahi oyun” tamaşası ilə təmsil edəcək.
Qeyd edək ki, bu tamaşa Konyada keçirilmiş “Min nəfəs, bir səs” festivalında və Tbilisi Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub. İnanırıq ki, seyrçini əski türk qəbilələrinin əsrarəngiz dünyasına, əsatirlər aləminin sakral məkanına aparan “İlahi oyun” tamaşası Kazanda da rəğbətlə qarşılanacaq.
Türk xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında “Kitabi Dədə-Qorqud” dastanının müxtəlif boyları, eləcə də milli və dünya dramaturgiyası nümunələri əsasında hazırlanan səhnə əsərləri təqdim ediləcək.
Akademik Milli Dram Teatrının “İlahi oyun” tamaşası iyunun 4-də K.Tinçurin adına Tatar Dövlət Dram və Komediya Teatrının səhnəsində nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımovdur. Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edirlər.
İyunun 5-də festival çərçivəsində “Teatrın inkişaf vektoru: Avropa-Asiya” adlı elmi-praktik konfrans keçiriləcək. Festival çərçivəsində reallaşacaq daha bir tədbir tanınmış türk yazarı Haldun Tanerin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq teatr əsərləri müsabiqəsi ilə bağlı olacaq. Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov müsabiqənin münsiflər heyətinin Azərbaycan üzrə nümayəndəsidir.