Bakı, 25 may, AZƏRTAC
Bakıda yerləşən 14 nömrəli uşaq musiqi məktəbində Azərbaycan caz musiqisinin banilərindən biri olan, əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş “Vaqif sənətinin inciləri” adlı konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə V.Mustafazadənin qısa, lakin əsl sənətkar ömrü yaşadığı vurğulanıb. Bildirilib ki, görkəmli sənətkar Azərbaycan muğamını cazla sintez edərək yeni bir dünya yaradıb. Bu gün Mustafazadə soyadını sənətkarın qızı - hazırda caz dünyasının parlaq ulduzlarından biri olan Əzizə Mustafazadə məharətlə yaşadır.
Konsertdə məktəbin fortepiano şöbəsinin şagirdləri çıxış ediblər. Onlar Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.