Prezidentin inamlı və aydın mesajları insanlarımızın gələcəyə ümidini artırdı - Deputat

Prezidentin inamlı və aydın mesajları insanlarımızın gələcəyə ümidini artırdı - Deputat
16:38 15 Aprel 2020
167 Digər
Ölkə mətbuatı
A- A+

"Pandemiyadan sonra ölkədə sosial-iqtisadi münasibətlərin və buna müvafiq olaraq da siyasi əlaqələrin yeni modelinin qurulması qaçılmaz zərurətdir".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə koronavirus bəlasının tüğyan etdiyi bir dövrdə olduqca optimist və gələcək islahatların istiqamətlərini müəyyənləşdirən çox ciddi fikirlər səsləndirildi: "Prezident İlham Əliyev islahatların bütün maneələrə baxmayaraq davam etdiriləcəyini bildirdi. Pandemiyanın ölkənin sosial-iqtisadi həyatını əngəllədiyi və cəmiyyətin hər bir üzvünün ağır sarsıntı keçirdiyi bir vəziyyətdə ölkə başçısının inamlı və aydın mesajları insanlarımızın gələcəyə daha ümidlə baxması üçün olduqca vacib əhəmiyyət kəsb edir. Prezident haqlı olaraq vurğuladı ki, pandemiyanın ən böyük zərbəsi məhz 2018-ci ildən daha əhatəli şəkildə gerçəkləşdirilən islahatlar prosesinə dəydi. Ölkənin iqtisadi resurslarını, insanların təhlükəsizliyini qorumaq üçün səfərbər olmağa məcbur olduq. Həm də bu onu göstərdi ki, Azərbaycan dövləti üçün ən böyük dəyər məhz Azərbaycan vətəndaşıdır, onun sağlamlığı və rifahıdır.

Siyasi islahatlarla bağlı Milli Məclisdə baş verən dəyişikliklərin əhəmiyyətini vurğulayan ölkə başçısı tarixdə ilk dəfə parlament rəhbərliyində, komitələrdə müxalifət təmsilçilərinin yer almasının ölkədə partiya demokratiyasının inkişafına müsbət təsir göstərəcəyinə inamını bildirdi.

Bu çıxışda ən diqqətəlayiq məqamlardan biri Prezidentin müxalifət anlayışına açıq və konseptual münasibət sərgiləməyi idi. Fikrimcə, ölkə başçısının çağırışının qısa icmalını bu cür qeyd etmək olar: Müxalifət öz görüşlərini, tənqidi mövqeyini bütün müstəvilərdə açıq şəkildə ortaya qoymalı, alternativ layihələr təqdim etməli və dövlətin məsuliyyətini iqtidarla birlikdə bölüşməlidir. Konstruktiv müxalifətçilik məhz hakimiyyətlə öz fərqli fikirləri və tənqidləri ilə mübarizə aparır, lakin müstəqillik, dövlətçilik məsələsində səylərini birləşdirə bilir. Bu müxalifət həm də hakimiyyətin dialoq çağırışına məhz dövlətçilik prizmasından yanaşaraq müsbət reaksiya verir. Yalnız hakimiyyətə deyil, həm də dövlətə müxalif olan müxalifət dialoqdan imtina etməklə düşmən mövqeyi sərgiləyir. Bu, əslində, Prezident tərəfindən Azərbaycanda iqtidarla dövlətçi və sağlam müxalifət arasında yeni formatda münasibətlərin qurulmasının zərurətinin diqqət mərkəzinə gətirilməsi idi. Bu çıxış onu göstərdi ki, demokratikləşmə prosesi ölkədə partiya demokratiyasının da inkişafına təkan verəcək".

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/310863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR