Tələbələrə kirayə mənzil güzəşti ediləcəkmi? -

Bakıda kirayə mənzillərdə qalan əksər tələbələr hazırda mövcud vəziyyətlə əlaqədar rayonlardadır. Amma yaşamasalar belə, paytaxtda kirayə qaldığı mənzilin pulunu ödəyirlər. Daha doğrusu ödəməyə məcburdular. Əks halda, mənzil sahibi evdəki əşyalarını çıxarmağı tələb edir. Bunu edə bilməyən tələbə isə qalmadığı evin kirayə pulunu aylardır ödəməkdədir.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Ələkbər Quliyev – Tələbə: “Hazırda karantin tədbirləri ilə əlaqədar dərslərə ara verildiyinə görə Qubadayam. Və Qubada olduğum müddətdə də kirayə pulunu ödəmişəm ki, evi başqa adama kirayə verməsinlər. Hələ də bilinmir ki, bu karantin tədbirləri nə vaxta qədər davam edəcək. İstərdim ki, biz tələbələrə bu barədə müəyyən güzəştlər edilsin”.

Makler: “Evlərin qiyməti bahadır. Heç düşürmürlər, güzəşt edən də yoxdur. Tələbədir, hec kim güzəşt etmir. Deyir otağımı məşğul etmisən, pulunu verməlisən. Evlərin də qiyməti 450-500-600 manat civarındadır”.

Mənzil sahibləri isə güzəştə getmək istəmirlər. Bu da son dövrlər kirayə mənzillərə tələbin artmasi ilə əlaqələndirilir.

Ramil Osmanlı – Əmlak eksperti: “Bəzi şəxslərin mövcud maliyə imkanları bu dövrdə boş saxladıqları mənzillərin kirayə haqqlarını ödəməyə imkan versə də, əksəriyətində belə deyil. Əksər hallarda kirayə verən şəxslər yenidən həmin mənzili təklifə çıxarır, bazara çıxarır. Bu halda təklif artır”.

Əmlak eksperti Ramil Osmanlı deyir ki, son dövrlər müəyyən çağırışlar az da olsa müsbət nəticəsini verir. Bəzi kirayə verənlər kirayə götürənlərə, xüsusilə tələbələrə müəyyən güzəştlər təklif edir.

Ramil Osmanlı – Əmlak eksperti: “Bəzi hallarda kirayə verənlər kirayə götürənlərdən aylıq kirayə almır. Və yaxud müəyyən faiz nisbətində, yəni yarısı, bəzən 30 faiz və s nisbətində güzəştə gedir. Bu da təbii ki, mənzillərin və obyektlərin kəskin şəkildə boşalmasının qarşısını alır”.

Ekspertlərin sözlərinə görə, hazırda kirayə əmlak bazarında hər hansı qiymət dəyişməsi müşahidə olunmur. Qiymət dəyişikliyi əsasən gündəlik kirayə məqsədləri üçün verilən mənzillərdə var. Belə ki, şəhər mərkəzində gündəlik kirayə qiymətləri 70-80 manat olan mənzillər indi 30-40 manata təklif olunur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR