Bakıda bir kran aşdı, digəri isə aşmaq üzrədir: Nələrə əməl edilməlidir? -

Xəbər verdiyimiz kimi bir neçə gün öncə paytaxtın Nərimanov rayonu, Mövsüm Sənani küçəsi 37 ünvanında kran aşaraq 9 mərtəbəli yaşayış binasının və avtomobillərin üzərinə düşüb, nəticədə 1 nəfər ölüb və daşınmaz əmlakaş ziyan dəyib. Həmçinin Bakıda başqa bir tikintidə kranın təhlükəli vəziyyətdə olması ilə bağlı məlumat yayılıb. Bəs kran quraşdırılarkən tikintidə hansı təhlükəsizlik tədbirləri görülməlidir?

Metbuat.az mövzu ilə bağlı təhlükəsizlik üzrə tanınmış ekspert Elmar Nurəliyevin fikirlərini öyrənib. Ekspert bildirib ki, tikinti sahəsi təhlükəsizlik qaydalarına ən çox əməl edilməli olan sahələrdəndir:

“Tikinti sahəsi təhlükə riski yüksək olan sahələrdən biridir. Tikintidə istifadə edilən materiallar, ağır tonnajlı maşınlar, kimyəvi tərkibli materiallar, hündürlükdə iş görmək, kranlar və qaldırıcı mexanizmlər, kəsici-deşici alətlərdən istifadə insanın həyatı üçün risk təşkil edir. Ona görə də, təhlükəsizlik qaydalarına əməl edilməlidir ki, baş verə biləcək hadisələrin qarşısını almaq olsun.

Bu təhlükəli mexanizmlərdən biri də kranlardır. Kranların təkərlər üzərində olan, şaquli vəziyyətdə yüklərin qaldırılmasını və boşaldılmasını təmin edən qurğulardır. Kranlarda qəzalar etibarsız yüklərin daşınması zamanı ola bilər. Etibarsız yüklərə aiddir yükün tutumunun çox olması, yükün səthinin nahamar olması və s. Həmçinin operatorlar arasında qarşılıqlı əlaqə olmalıdır, bu həm əl işarələri ilə, həm də rabitə vasitələri ilə ola bilər.

Kranla hər əməliyyat zamanı, yəni bir yükün bir yerdən digərinə daşınması zamanı yoxlama və mühafizə yerinə yetirilməlidir. Əməliyyat yalnız komanda şəklində həyata keçirilməlidir. Ola bilməz ki, əməliyyatı təkcə kranda oturan operator tək icra etsin”.

Ekspert həmçinin qeyd edib ki, kranlarla iş zamanı mütləq bu qaydalara əməl edilməlidir:

“Bəzən şəhərdə görürük ki, kran yük qaldırıb və altından insanlar keçir. Bu yolverilməzdir. Tikintidə çalışan işçilər əl işarələrindən istifadə etmir və onların mənasını bilmirlər. Ona görə də, tikinti ərazisində əl işarələrini izah edən lövhələr quraşdırılmalıdır.Həmçinin istismar müddəti bitmiş kranlardan istifadə edilməməlidir. Kranın işlədiyi sahəyə barikada quraşdırılmalıdır. Kranı idarə edən operator işə başlamazdan öncə mütləq qaydada kranın dayaq səthini yoxlamalıdır, kranın dönmə radiusundə elektrik xəttinin olub-olmadığına nəzarət etməlidir.

Hər il dünyada istehsalat sahəsində 300 milyon qəza baş verir və bu qəzalər 2,5 milyon insanın ölümünə səbəb olur. Azərbaycanda hər il 200-dən artıq iş qəzası baş verir. Ona görə də, nəzarət sistemi güclü olmalı, təhlükəsizlik qaydalarına əməl edilməlidir. Dövlət tərəfindən bu sahəyə nəzarət gücləndirilməli, cəza tədbirləri görülməlidir. Həmçinin sahibkarlar arasında maarifləndirmə işləri aparılmalıdır”.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR