Azərbaycan Fransanın həmsədrlik institutundan kənarlaşdırılması məsələsini qaldıra bilər

44 günlük Vətən müharibəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransanın Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqe hələ də davam etməkdədir.

Metbuat.az xəbər verir ki, bu gün yayılan məlumata görə, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır.

Prosesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur. Məlumdur ki, Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir.

Qeyd edək ki, Fransa hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə edilmiş razılıqdan sonra da yenə də ermənipərəst mövqedən çıxış edir. Məsələ burasındadır ki, Fransanın mövqeyi ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində onun mandatına uyğun deyil. Fransa 30 il müddətində Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmayıb. İndi isə birtərəfli qaydada qərəzli və düşmən mövqe nümayiş etdirir. Bu müddət ərzində 1 milyon azərbaycanlı köçkünün taleyi Fransanı narahat etməyib. Belə görünür ki, 10 noyabra qədər olan vəziyyətin davam etməsində Fransa maraqlı olub. Bu cür mövqe isə sadəcə Azərbaycan ictimaiyyətində təəssüf hissi doğurur.

Bu ölkənin prezidenti Emmanuel Makron erməni lobbisinin girovuna çevrilib. O müstəqil olaraq Fransanın bu münaqişədəki mövqeyini müəyyənləşdirə bilmir. 44 günlük müharibə dövründə Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb, Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərilib. Məlumata görə, Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib.

1993-cü ildə Fransa özü BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən məlum dörd qətnaməsinin lehinə səs verən ölkədir. İndi isə Fransa təcavüzkar Ermənistan ilə işğala məruz qalmış Azərbaycan arasında fərq qoymur və qərəzli surətdə işğalçı Ermənistanı müdafiə edir.

Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsini uğurla həyata keçirdi. Ölkəmiz Ermənistan tərəfindən işğal edilən torpaqlarını azad etmək üçün bütün hallarda beynəlxalq hüquqa əsaslandı.

Bu gün Paris meriyasının qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çalışması barədə fəaliyyəti də bir daha bu ölkənin Azərbaycana qarşı açıq düşmənçilik apardığını deməyə əsas verir.

Bildirək ki, Paris həm şəhər, həm də departamentdir. Parisin meri eyni zamanda Paris Şurasına rəhbərlik edir. Digər inzibati vahidlərdən fərqli olaraq, paytaxt şəhər tam inzibati azadlığa malik deyil. Paris Fransada polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu yeganə şəhərdir.

Paris Şurası 163 nəfərdən ibarətdir. Şura birbaşa səsvermə ilə seçilmir. Yeni seçilən şura şəhər merini və onun 40 müavinini seçir. Fransa prezidenti E.Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli Fransa” partiyası Şurada geniş şəkildə təmsil olunur.

Araşdırmalar nəticəsində məlum olub ki, Fransa meri Ann İdalqo Fransa erməniləri ilə sıx münasibət saxlayır. Onun müavinlərindən biri erməni Anuş Toronyandır. Anuş Toronyan Fransız ermənilərinin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır.

Xatırladaq ki, 2015-2018-ci illərdə Parisin meri Anna İdalqo Ermənistan prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb. Ann İdalqo Ermənistanda yaradılmış TUMO Center for Creative Technologies mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub. Paris meri seçkiləri keçirilən zaman Ann İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələri olması barədə kampaniyanın başında erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar. Ann İdalqo 2018-ci ildə Fransa ermənilərinin təşkil etdiyi tədbirdə iştirak edib.

O, Fransada erməni kilsəsinin açılışında iştirak edib. Qondarma “erməni soyqırımı” ilə bağlı tvitlər paylaşıb. Fransada Erməni təşkilatlarının koordinasiyası şurasının rəhbəri Jan-Mark Ara Toronyanın qızı Anuş Toronyanı öz müavini təyin edib.Anuş Toronyan haqqında qondarma "soyqırımın" 100 illiyində iştirak edib.

Vətən müharibəsində Azərbaycan işğal altında olan torpaqları azad edərək öz gücünü bütün dünyaya göstərdi. Ona görə də Paris şəhərinin Dağlıq Qarabağdakı qondarma qurumu tanıması da heç bir nəticə verməyəcək. Bundan əvvəl də İtaliyanın bəzi şəhərləri tarixin arxivinə gömülmüş “DQR”-i tanıyıb. Ancaq bunun heç bir praktiki nəticəsi olmamaqla bərabər qısa zaman müddətində unudulub. Lakin Fransa hakimiyyəti bu addımı sanksiyalaşdırmaqla qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmağa çalışır. Ancaq Ali Baş Komandan prezident İlham Əliyevin də bəyan etdiyi artıq status kvo yoxdur!

Fransa hakimiyyəti görünür Azərbaycanın döyüş meydanında əldə etdiyi yeni reallıqları qəbul edə bilmir.

Azərbaycana qərəzli mövqe göstərmək əvəzinə, Fransa hakimiyyəti öz tarixlərinə nəzər yetirərək ölkənin müstəmləkəçi siyasətini yada salmalıdır. Əlcəzairdə, Vyetnamda, Cibutidə, Çadda, Qabonda, Tunisdə soyqırımlar törətmiş ölkə birinci növbədə öz törətdiyi əməlləri unutmamalıdır. Ümumilikdə isə beynəlxalq dəyərlərə fərqli münasibət göstərmək olmaz.

Fransa işğalçı Ermənistanı dəstəkləyir, obyektiv deyil, işğalçının yanındadır və vasitəçilik missiyasını yerinə yetirmir. Vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Fransa bundan sonra da ATƏT MQ həmsədri kimi mandatına zidd fəaliyyətini davam etdirəcəyi təqdirdə, prosedurlara uyğun olaraq, Azərbaycan Fransanın həmsədrlik institutundan kənarlaşdırılması və digər ölkə ilə əvəz edilməsi məsələsini qaldıracaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR