ABŞ-nin Pensilvaniya ştatının İri şəhərində 45 yaşlı kişi səkkiz nəfəri güllələyərək öldürüb, daha sonra isə ehtimal ki, intihar edib. Ölənlər arasında hamilə qadın və iki uşaq da var.

Metbuat.az "CNN"ə istinadən xəbər verir ki, hadisə ilə bağlı təfərrüatlar şənbə günü keçirilən mətbuat konfransında açıqlanıb.

İri şəhərinin polis rəisi Rik Lorahın sözlərinə görə, hələlik kimliyi açıqlanmayan hücum edən şəxs polis hadisə yerinə çatmamış özünə açdığı güllə yarasından ölüb. Hücumun motivi hələ müəyyən edilməyib.

Lorah bildirib ki, ölən doqquz nəfərdən səkkizi eyni ailənin üzvləri, biri isə ailənin dostu olub. Şübhəli şəxs evə daxil olduqdan sonra çölə çıxaraq qonşulardan kömək istəyən, narahat vəziyyətdə olan iki qadına da atəş açıb.

Polis şübhəlinin meyitini Perri küçəsindəki evin ikinci mərtəbəsində aşkarlayıb. İri şəhərinin meri Daria Devlin hadisə yerində polisin dəhşətli mənzərə ilə üzləşdiyini bildirib və əməkdaşların peşəkarlığını vurğulayıb. Pensilvaniya ştatının qubernatoru Coş Şapiro da hadisə ilə bağlı şəhər rəhbərliyi ilə danışdığını və dəstək təklif etdiyini açıqlayıb.

“Gun Violence Archive” təşkilatının məlumatına görə, 2026-cı ildə ABŞ-də 400-dən çox kütləvi atışma qeydə alınıb. Təşkilat dörd və daha çox insanın güllələndiyi, hücum edən şəxsin isə qurbanlar arasında sayılmadığı hadisələri kütləvi atışma kimi təsnif edir.