Avstraliyada bir hava limanında zəhərli ilanların peyda olması sərnişinlər və əməkdaşlar arasında təşvişə səbəb olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Şimal Ərazisi bölgəsində yerləşən Elis-Sprinqs hava limanında baş verib. Bildirilir ki, son həftələr ərzində terminalın müxtəlif hissələrində, o cümlədən sərnişinlərin gözləmə zallarında, qeydiyyat məntəqələrində və əməkdaşların ofislərində ilanlar aşkarlanıb.

Elis-Sprinqs Sürünənlər Mərkəzinin ilanları tutmaq üzrə mütəxəssisi Reks Nayndorf bildirib ki, son həftələrdə hava limanına dəfələrlə çağırılıblar. Aparılan işlər nəticəsində terminalın daxilində iki zəhərli qərb qonur ilanı tutulub. Onlardan biri sərnişinlərin hərəkət etdiyi ümumi ərazidə, digəri isə əməkdaşların ofisində aşkarlanıb.

Mütəxəssislərin sözlərinə görə, bölgədə havaların həddindən artıq istiləşməsi ilanların sərin və qorunan məkanlara üz tutmasına səbəb olur. Bu baxımdan hava limanının binaları sürünənlər üçün əlverişli sığınacağa çevrilir.

Hava limanını idarə edən "Airport Development Group" şirkəti riskli ərazilərin mütəmadi yoxlanıldığını, sərnişinlərin xəbərdaredici lövhələrlə məlumatlandırıldığını açıqlayıb. Həmçinin əməkdaşlara ilanlarla qarşılaşdıqları zaman necə davranmalı olduqları barədə təlimlər keçirilib.

Qeyd edək ki, indiyədək hadisə ilə əlaqədar xəsarət alan şəxsin olmadığı bildirilib.