"Məktəb elm, təhsil, ziya, işıq məbədidir və bu məbədə məbədin qayda-qanunlarına hər kəs hörmətlə yanaşmalı və anlayışla qarşılamalıdır".
Bunu Metbuat.az-a açıqlamasında tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bildirib.
Onun fikrincə, təhsilin dünyəviliyi və vahid məktəbli geyim forması ilə bağlı qərar hərtərəfli düşünülmüş və vaxtı çatdığı üçün verilmiş düzgün qərardır:
"Hətta mən deyirəm ki, vaxtı keçmiş mənim aləmimdə qərardır. Çünki doğrudan da bu çoxdan verilməli qərar idi. Azərbaycan çoxlu etnik qrupların, dini baxışlarla, milli mentalitetləri zəngin olan xalqların yaşadıqları azad bir məmləkətdir. Yəni insanların düşüncə müxtəlifliyi, öz milli adət-ənənələrinə riayət etmək azadlığı var. Azadlığı var, amma məktəbdə bu azadlıqlar müəyyən çərçivəyə alınmalıdır. Bu, tarixən belə olub, belə də olacaq. Çünki məktəb dini və yaxud bir milli məbəd deyil, məktəb təhsil məbədidir, insanlara işıq verən, ziya verən bir məbəddir. Azərbaycanda yaşayan hər kəs bu məktəbə öz dini baxışlarını, təriqətini, nə bilim, inancını apara bilməz".
Baba Vəziroğlu deyib ki, bu böyük azadlıq məktəb divarları arasında o təhsil məbədinin öz konkret azadlıqları çərçivəsində olmalıdır:
"Təsəvvür edin ki, Azərbaycanda müxtəlif etnik qruplar yaşayır, təsəvvür elə çinqaoçuklar da yaşayır. Çinqaoçuklar məktəbə dəbilqə ilə, nə bilim, hay-kuy, əlində nizə, bir ənci yarpağına örtülü gəlməlidirlər? Əlbəttə ki, o gülməlidi. Bunu mən müqayisə üçün dedim. Məktəb elm, təhsil, ziya, işıq məbədidir və bu məbədin qayda-qanunlarına hər kəs hörmətlə yanaşmalı və anlayışla qarşılamalıdır. Bu, həm istər şagird kollektivinə, həm müəllim kollektivinə, həm o məktəbə, o məbədə ayaq basan hər kəsə aid olmalıdır".