Şuşa üçün şəhid olan "Telli oğlan" Elşən Əhmədli -

Uşaq və gənc yaşlarında onu ətrafındakılar "telli oğlan", hərbçi yoldaşları isə "ağsaqqal" deyə çağırardılar. İndi isə onu şəhid Elşən deyə anırıq.

Şəhid Elşən Elbrus oğlu Əhmədli 11 iyul 1997-ci ildə Oğuz şəhərində anadan olub. 2003-cü ildə şəhid E.Abdullayev adına Oğuz şəhər 2 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 2008-ci ildən təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirərək, 2014 cu ildə oranı bitirib. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyat və Logistika fakültəsi üzrə bakalavr təhsili alıb.

2019-cu ilin aprelində həqiqi hərbi xidmətə çağırılan Elşən Əhmədli Xüsusi Təyinatli Qüvvələrin tərkibində hərbi xidmətini keçib. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə yola düşüb. Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşü Şuşa uğrunda olub. Noyabrın 8-də baş tutan döyüşdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 17-də Oğuz şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin 15, 18 və 29 dekabr 2020-ci il tarixli Sərəncamları ilə şəhid Elşən Əhmədli "Vətən ugrunda", "Cəsur döyüşçü və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Elşən Əhmədli az danışan olsa da, dostları onu yaxşı yol yoldaşı hesab edirdi. Elşən həm də sözü bütöv, mərd oğlan idi. Hələ uşaqlığından bu kimi müsbət keyfiyyətlərinə görə hamının sevimlisi idi. Məktəbli olarkən "çeçenka" adlanan saç düzümündən istifadə edərdi. Elə o vaxtdan hamı onu "telli oğlan" deyə çağırardı.

Elşən çətinlikdən qorxmaz, qarşısına qoyduğu hədəfə çatmağı sevən biri idi. Əsgərliklə bağlı suallara cavabı isə həmişə "hərbi sirdir" olardı.

Hərbçi yoldaşları deyir ki, Elşəni hərbi hissədə "ağsaqqal" deyə çağırırmışlar.

Gülşən Ramazanlı / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR