İran çıxılmaz vəziyyətdə: Ruhani ABŞ-ın yoxsa İsrailin ''dost'' əlini sıxacaq?

Metbuat.az və “Atlas” Araşdırmalar Mərkəzi birlikdə hazırlanan layihəmizin bu dəfə ki, mövzusu ''İranın nüvə məsələsi ətrafında baş verən son proseslər''- dir.

“Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətovun Metbuat.az-a özəl şərhini oxuya bilərsiniz.


2021-ci ilin əvvəllərindən başlayaraq İran ətrafında proseslər yenidən qızışmağa başlayıb. ABŞ-da keçrilmiş prezident seçkilərində demokratların namizədi C.Bayden qalib oldu. C.Bayden innaqurasiydan sonra prezident kimi ilk dəfə müsahibə verdi və bu müsahibədə İranın nüvə məsələsinə də toxundu.

O, müsahibə zamanı bildirib ki, 2018-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2015-ci ildə 5+1 formatında İranla imzalanmış “Birgə hərtərəfli fəaliyyət planı”ndan çəkilməsi yalnış addım idi və yeni administrasiyası bu anlaşmaya qayıtmaq niyyətindədir.

Xatırlatmaq lazımdır ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə sözügedən anlaşmadan çəkildiyini elan etdi və İrana qarşı sanksiyaları artırmağa başladı. İran tərəfi Trampın atdığı addımlara cavab olaraq anlaşmadan çıxdığını və nüvə fəaliyyətini davam etdirəcəyini bildirdi.

Baydenin sözlərinə görə İran dövləti nüvə fəaliyyətini dayandırarsa ABŞ və İran arasında danışıqların bərpası mümkündür. ABŞ prezidentinin bu çıxışından sonra qarşı tərəfin cavabı özünü çox gözlətmədi.

Öncə İran dövlətinin Ali dini lideri Ayatullah Əli Xomnei ABŞ prezidentinin İranın nüvə məsələsi ilə bağlı verdiyi müsahibəyə münasibət bildirərkən deyib ki, İran nüvə fəaliyyəti ilə bağlı məsələyə ABŞ-ın İrana qarşı tətbiq etdiyi bütün sanksiyaları tamamilə ləğv etməsindən sonra baxa bilər.


İrandan ABŞ-a növbəti cavab prezident Həsən Ruhanidən gəldi. O, nazirlər kabinetində keçrilən iclas zamanı İran-ABŞ münasibətlərinə toxunub və bildirib ki, yeni ABŞ administrasiyası İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyaları tez bir zamanda dayandırarsa, yol açılmış olar və biz də nüvə anlaşması haqqında danışa bilərik.

Ruhani sözlərinə əlavə edib ki, bəzi kiçik detalları nəzərə almasaq, İran dövləti nüvə anlaşmasına daima sadiq qalıb.

Nüvə anlaşmasını qoruyan tərəf biz olduq. 3 illik iqtisadi savaşda səbrimiz olmasaydı, indi anlaşmadan söhbət belə gedə bilməzdi. Həsən Ruhanidən sonra İranın nüvə fəaliyyəti ilə bağlı digər bir açıqlama XİN başçısı Məhəmməd Cavad Zərifdən gəldi. Zərif Avropa Birliyi Xarici Əlaqələr Yüksək Təmsilçisi Jozep Borrellinin İran və 5+1 ölkələri arasında ortaq iclasın keçrilməsi ilə bağlı təklifinə işarə edərək bildirmişdir ki, İran ABŞ-la hər hansı rəsmi iclasda iştirak etmək niyyətində deyil.

Onun sözlərinə görə ABŞ 2018-ci ildən bəri “Birgə hərtərəfli fəaliyyət planı” anlaşmasının üzvü deyil, ona görə də İran ABŞ-la qeyri-rəsmi danışıqlarda iştirak etmək niyyətində deyil. Zərif sözlərinə onu da əlavə edib ki, 23 fevraldan etibarən İran MAQATE-nin əlavə yoxlamalar aparmasına rəsmi şəkildə bəzi qadağalar qoyub və bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə rəsmi şəkildə bildiriş göndərilib.

15 fevral 2021-ci ildə İranın 5+1 dövlətləri ilə imzaladığı əlavə protokoldan çəkilməsi və MAQATE-nin İrandakı fəaliyyətinə bəzi məhdudiyyətlərin tətbiq edilməsi haqqında qəbul etdiyi və BAEA-ya göndərdiyi qərardan sonra 20-21 Fevral 2021-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossinin İrana gerçəkləşdirdiyi səfər diqqətdən kənarda qalmadı.

Təbii ki, BAEA-nın rəhbərinin İrana səfərində əsas məqsəd rəsmi Tehranı qəbul etdiyi qərardan çəkindirmək və tərəflər arasında münasibətləri yenidən qaydaya qoymaq idi. Rəsmi Tehran isə öz növbəsində İranın nüvə məsələsindəki prinsipiallığını qoruduğunu göstərməyə çalışır. İran tərəfi bildirir ki, əgər ABŞ İrana qarşı tətbiq edilmiş sanksiyaları ləğv etməsə, rəsmi Tehranın qəbul etdiyi qərar qüvvədə qalacaq.

Baydenin İranın nüvə məsələsi ilə bağı verdiyi ilk açıqlamada yeni şərtlər irəli sürdü. O, İranın nüvə məsələsində bəzi güzəştlərə gedəcəyi təqdirdə sanksiyaları ləğv edəcəyini bildirdi. İran tərəfi isə bu şərtləri qəbul etmədiyini, əksinə, ABŞ-ın İrana qarşı qəbul etdiyi sanksiyaları ləğv etməsindən sonra İranın nüvə məsələsində 2015-ci ildə imzalanmış “Birgə hərtərəfli fəaliyyət planı”na qayıdacağını açıqladı. İran tərəfi iddia edir ki, ABŞ BMT TŞ-nın qəbul etdiyi 2231 saylı qərarı pozub və ona görə də ABŞ tərəfi sanksiyaları qaldırdığı təqdirdə hansısa danışıqlardan söhbət gedə bilər.

İranın nüvə məsələsi ətrafında aparılan danışıqlar, verilən açıqlamalar və alınan qərarlara diqqətlə baxdıqda bir neçə məqamı görmək mümkündür;

Birincisi onu qeyd etmək lazımdır ki, nə ABŞ, nə də İran tərəfi bir-birilərinə inanmır və ona görə də güzəştə getmədən qarşı tərəfə şərtlər irəli sürürlər. Yəni nə ABŞ İrana qarşı qəbul edilmiş sanksiyaları ləğv etmək, nə də İran nüvə fəaliyyətini dayandırmaq istəyir. Şübhəsiz ki, burada İsrailin ABŞ-a təziqlərini də nəzərə almaq lazımdır. İsrail İranın nüvə fəaliyyəti ilə bağlı dürüstlüyünə inanmır və onun bu məsələdə şəffaf olacağını şübhə altına alır.

İkincisi İranın rəhbərliyində daxilində belə bu məsələdə müəyyən mənada fikir ayrılıqları mövcuddur. Ali dini lider Ayatullah Əli Xomnei, prezident Həsən Ruhani və XİN başçısı Məhəmməd Cavad Zərifin ABŞ-a qarşı tutduğu mövqedə müəyyən fərqlər hiss olunmaqdadır.

Ali dini lider Ayatullah Əli Xomnei və XİN başçısı Məhəmməd Cavad Zərif İranın nüvə məsələsində ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları tamamilə ləğv etməsi tələbini irəli sürürlər. Onlardan fərqli olaraq prezident Həsən Ruhani bu məsələdə sanksiyaların ləğvi ilə yanaşı ABŞ-la danışıqlar masasına otumağın mümkünlüyünü də bildirir. Yaranmış bu durum ondan xəbər verir ki, İranda iqtisadi vəziyyət olduqca ağırdır, İran valyutası infliyasiyanın pik həddinə çatıb və İrana qarşı tətbiq olunmuş sanksiyalar iqtisadiyyatı iflicləşdirib.

İran həm neft, həm də qaz satışında üzləşdiyi çətinliklərin səbəbini də ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqəli olduğunu bildirir.

Üçüncüsü Çin və Rusiyanın nüvə məsələsində üzdə İrana dəstək versələr də, arxa planda bu məsələyə ABŞ-la eyni mövqedən çıxış edirlər. Buna misal kimi Çin və Rusiyanın da iştirakı ilə İranın uranın zənginləşdirilməsini dayandırmaqdan imtina etməsi ilə əlaqədar olaraq 24 mart 2007-ci ildə BMT TŞ-nın yektilliklə sərt sanksiyaları nəzərdə turan 1747 saylı qətnaməni qəbul edilməsini göstərmək olar.

Çin və Rusiyanın bu qətnamənin qəbul edilməsində tutduğu mövqedən belə qənaətə gəlmək olar ki, özündən başqa heç bir dövlət İranın nüvə silahı əldə etməsinə razı deyil. Baxmayaraq ki, İran dövləti uranı dinc məqsədlər üçün əldə etmək istədiyini bildirir.

Does nuclear power have a future or will new technologies of renewable energy be developed in the energy sector?

Nəticə olaraq bildirmək lazımdır ki, bu gün İran ətrafında yaranmış vəziyyət və İranın bu vəziyyətə cavabı adekvat görünmür. İran iqtisadiyyatının ağır durumda olması, Covid-19 pandemiyasının İran iqtisadiyyatına vurduğu ziyanlar, sanksiyalar səbəbindən neft və qaz satışının azalması İranı dalana dirəyib.

Əgər vəziyyəti düzgün qiymətləndirsək və məsələyə strateji nöqteyi-nəzərdən yanaşsaq, İranın yaxın zamanlarda ABŞ-la, müəyyən mənada isə İsraillə danışıqlara başlamaq məcburiyyətində qalacağını deyə bilərik. Ona görə ki, bu gün ABŞ xarici siyasətinə yön verən əsas qüvvələrdən biri orada fəaliyyət göstərən yahudi lobbisidir.

Hazırladı: Gülbəniz Hüseynli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı