Putin Ərdoğanı yeni qarşıdurmaya ÇƏKİR: Qırğız-Tacik müharibəsinin ŞOK SƏBƏBLƏRİ

Metbuat.az və “Atlas” Araşdırmalar Mərkəzi ilə birlikdə hazırlanan layihəmizin bu dəfə ki, mövzusu Qırğızıstan-Tacikistan arasında baş verən hadisələrə baxışdır. Mövzunu “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətov ilə müzakirə etdik. Onun Metbuat.az-a özəl müsahibəsini oxuya bilərsiniz.

- Samir bəy, Qırğızıstan-Tacikistan arasında bu insident necə baş verdi?

“Qırğızıstan ilə Tacikistan arasında Batken adlı bir yer var. Yerli xarakterli fikirlərə əsasən, həmin yerin əhalisi ilə yerli sakinlər arasında toqquşmalar baş veribdir. Hazırda baş verənlər bu toqquşmaların fonunda qeydə alınıb. Məsələnin kökü oradan qaynaqlanır. Amma beynəlxalq aləmdə olan siyasi görüşlərə əsasən vəziyyət bir qədər fərqlidir. Bir neçə ay öncə Qırğızıstanda prezident seçkiləri keçirildi. Hakimiyyətə yeni prezident Sadr Capayev gəldi. O, Qırğızıstanda Türkiyəyə meyilli bir siyasətçi kimi tanınır. Son illərdə Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə, Türkiyə arasında münasibətlərin yaxşılaşması burada bir siqnal rolunu oynayır.

Təbii ki, Qırğızıstanla Tacikistan arasında 20-ci əsrin 60-cı illərindən başlayaraq insidentlər qeydə alınırdı. Amma bir neçə gün öncə baş verənlər qədər böyük itkilərə səbəb olmamışdı”.

- Bəs iki dövlət arasında baş verən hadisələrin kökündə hansı qığılcımlar partlayışa səbəb oldu?

“Qeyd edim ki, hər iki dövlət KTMT-nın üzvüdür. Qırğızlar türk kökənli, taciklər isə fars kökənlidir. Aydın məsələdir ki, Türkiyə ilə Qırğızıstanın yaxınlaşması Tacikistan ilə münasibətlərin gərginləşməsində siqnal rolunu oynadı. Proseslərin idarə edilməsinin kökündə isə bir neçə dövlətin rolu böyükdür.

Bu gün dünya siyasi arenasında Rusiyanın sıxışdırılması prosesi gedir. Bildiyiniz kimi Avropa Parlamenti də Rusiya ilə bağlı yeni qərar verdi. Bu qərardan irəli gələrək Rusiya swift sistemindən hərhansı bir problem olacağı təqdirdə çıxarıla, neft satışına qadağalar qoyula bilər. İkinci məsələ odur ki, Rusiya Qarabağ məsələsində artıq arxa fonda uduzmuşdur. Baxmayaraq ki, sülhməramlıların 5 illik fəaliyyəti ilə bağlı məsələ var. Təkcə bu vəziyyət deyil Ukraynada baş verənlər də Rusiyanın artıq siyasi gücünün zəifləməsinə bir nümunədir.

Baş verənləri Qərbin və Rusiyanın konfrantasiyası kimi də baxa bilərik. Bundan başqa taciklər və qırğızlar arasında olanlar həm də Rusiyanın əsas dominant olduğu KTMT-nın fəaliyyətinə nəzarətin zəifləməsinə işarədir. Rusiyanın istənilən hadisəyə müdaxilə edə bilməməsi onun siyasi nüfuzuna da zərbə deməkdir. Bu siyasi qarışılıqda Türkiyə faktorunun unutmaq olmaz. Çünki Qırğızıstanın yeni prezidenti Türkiyəyə meyilli bir siyasət yürüdür. Bu da digər adı çəkilən dövlətlərin marağına ziddiyyət təşkil edir”.

- Turan birliyinin rolu və Putinin bu birliyə münasibəti baş verən hadisələrdə rol oynaya bilərmi? Ümumiyyətlə Turan birliyinin reallaşması mümkündürmü?

“Hesab edirəm ki, yaxın günlərdə Turan birliyinin yaranması məsələsini ortaya qoymaq real görünməyən fikirdir. Ola bilər ki, beş il ərzində bu birliyin yaranması mümkün olsun. Çünki, Turan birliyinin yaranmasının əleyhinə təkcə Rusiya deyil, ABŞ, Çin və bir neçə böyük dövlətlər də etiraz edirlər. Həmin dövlətlər də Turan birliyinə qoşulmalı olan dövlətlərə qarşı təzyiqlər nümayiş etdirirlər. Hesab edirəm ki, Qırğızıstan-Tacikistan arasında baş verənlər də bu təzyiqin predmetlərindən biridir.

Bəzi versiyalara görə Putin çalışır ki, təşkilata üzv ölkələrin bir- biri ilə münasibətlərini normallaşdırsın amma bu əsas yetərli deyildir. Çünki Turan birliyi dövlətinin yaranması baş verərsə artıq Qırğızıstanın KTMT-dan ayrılması mümkündür”.

- Baş verənlərdə ABŞ-ın “barmağı” nə qədər olaylara müdaxilə edə bilər?

“ABŞ qeyd etdiyim kimi, Turan birliyinin qurulmasına mane törətməklə bərabər, həm də Çinin “Bir kəmər, bir yol layihəsi’’ ni sıradan çıxarmaq üçün Qırğızıstan ilə Tacikistan arasında baş verənlərə təzyiq edə bilər.

Bildiyiniz kimi, Rusiya təkcə Cənubi Qafqazda deyil, Şərqi Avropadan və Mərkəzi Asiyada da sıxışdırılmağa başlanılıb. Artıq bu fakt dəqiqdir ki, Rusiya üçün beynəlxalq vəziyyət onun xeyrinə işləmir. Burada Çin faktoru, Turan faktoru Amerikanın maraqları da var. Görünən mənzərə odur ki, baş verən hadisə heç də yerli əhalinin bir-birinə olan aqressiyasından qaynaqlanmır. Bunun arxasında üçüncü dördüncü dövlətlərin xüsusilə də ABŞ da əli var”.

- İnsidentlər hansı gələcək hadisələrin təməlini qoydu?

“Ümumiyyətlə Qırğızıstan-Tacikistan arasında baş verən insident nəticəsində KTMTN-nın və Rusiyanın imicinə zərər dəydi. Nəticədə Rusiyanın Turan birliyinin yaranmaması üçün təşkilata üzv ölkərə xəbərdarlıq etdi ki, "əgər siz belə bir addım atarsanız mən münaqişə ocağını qızışdırıb vəziyyəti daha gərgin həddə çatdıra bilərəm". Qırğızıstan-Tacikistan arasında baş verən proses həm də onu göstərdi ki, bu münaqişə 21-ci əsrin Qarabağı və ya Dnestryanı (Dnestryanı Moldav Respublikası) bölgələri olmaq ehtimalı daha böyükdür”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı