"Telefon fırıldaqçıları "qurbanları" haqqında məlumatları əvvəlcədən toplayır" -

Bildiyimiz kimi, Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) bank kartı sahiblərinə yönəlmiş fırıldaq faktlarının aşkarlanması ilə əlaqədar vətəndaşlara müraciət edib.

"Kaspersky"dən Metbuat.az-a verilən məlumata görə, dələduzlar özlərini bank əməkdaşı kimi təqdim edərək bankın müştərilərinə zəng edir və bank kartının şifrəsini bildirmələrini istəyirlər (bank işçiləri heç vaxt belə bir məlumat istəmir). Bu cür hadisələrin birində kartın sahibi gələn zəngi dəqiqləşdirmədən şəxsi məlumatlarını tanımadığı adama təqdim edib. Nəticədə onun hesabından böyük məbləğdə vəsait xarici bir bank hesabına köçürülüb.

Telefon fırıldaqçıları potensial qurban barədə lazımi məlumatları əvvəlcədən toplayır və aktiv şəkildə sosial mühəndislik üsullarından istifadə edirlər. Məsələn, onlar zəng zamanı zəng etdikləri adamın ad, soyad və ata adını dəqiqliklə deyə bilərlər. Təcavüzkarlar kredit təklifi zamanı şifrə, bank kartının nömrəsi, pin kod, CVV kod təsdiqi kimi “əfsanələrdən” istifadə edə və ya sadəcə bank kartının bloklanması barədə məlumat verə bilərlər.

"Kaspersky"nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib ki,əsl bank işçisi heç bir halda sizdən kod və şifrə istəməz:

"Yad nömrələrdən, xüsusilə özünü bank əməkdaşı kimi təqdim edən şəxslərdən gələn zənglərə ehtiyatla yanaşmağın vaciblyini xatırlatmaq istəyirik. Hər zaman yadda saxlamaq lazımdır ki, əsl bank işçisi heç bir halda sizdən kod və şifrə istəməz. Fəal olmağa və ən kiçik şübhə yarandıqda zəngi yarıda saxlamağa çəkinməyin. Zəngin bankdan gəlib-gəlmədiyini yoxlamaq üçün kartın əks tərəfində göstərilən nömrəyə həmişə özünüz birbaşa zəng edə bilərsiniz".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR