Sülhməramlılar Qarabağda Azərbaycanın suverenliyini

"Qanunsuz səfərlər və buna Rusiya hərbçilərinin şərait yaratması göstərir ki, sülhməramlı qüvvələrin Qarabağdan çıxarılması üçün 4 ildən sonra hərəkətə keçməliyik".

Metbuat.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib. Politoloqun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda fəaliyyəti Azərbaycanın təhlükəsizliyini və suverenliyini təhdid edəcək bir mərhələyə keçib. İlk növbədə Rusiya sülhməramlı adlanan hərbçiləri xarici ölkə vətəndaşlarının Laçın dəhlizindən Azərbaycan ərazisinə daxil olmasının qarşısını almalıdır.

Müsahib onu da vurğuladı ki, "sülhməramlılar" qanunsuz səfərlərin qarşısını almaq əvəzinə, Fransa prezidentliyinə namizədin Azərbaycan ərazisinə keçməsinə şərait yaradır:

"Bu, Azərbaycana qarşı separatizmə dəstək verməkdir və burada sülhməramlı qüvvələrinin rolu daha da qabarıqdır. Artıq Azərbaycan Laçın dəhlizində post qurmalıdır. Prezidentliyə namizədin Laçın dəhlizindən keçib Xankəndinə gəlməsi birbaşa Moskvanın razılığı ilə həyata keçirilib. Çünki bu, sıradan səfər deyil, Rusiya Müdafiə Nazirliyinin icazəsi və siyasi təlimatı olmasa, belə bir səfər reallaşmazdı".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, məhz bu səbəbdən də Azərbaycan Rusiya ilə qeyd olunan məsələni ciddi şəkildə müzakirə etməlidir:

"Rusiya çalışır ki, ermənilər Qarabağda subyekt kimi tanınsın. Azərbaycanın razılığı olmadan bu cür qanunsuz səfərlər və buna Rusiya hərbçilərinin şərait yaratması göstərir ki, sülhməramlı qüvvələrin Qarabağdan çıxarılması üçün 4 ildən sonra hərəkətə keçməliyik. Azərbaycan Ermənistandan da belə səfərlərin təşkilinə son verilməsini tələb etməlidir. Çünki bu, normallaşma prosesinə kölgə salır. Onu da qeyd edim ki, Fransa prezidentliyə namizədin Qarabağa qanunsuz səfəri son günlər Makron və Putin arasında telefon danışıqlarında razılaşdırılması mümkündür".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR