Prezidentin yüksək vəzifə verdiyi deputat KİMDİR? -

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev imzaladığı sərəncamla Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Metbuat.az Milli Məclisin depuatatı olan Şahin Seyidzadənin dosyesini təqdim edir:

Şahin Seyidzadə 1978-ci il aprelin 15-i Bakı şəhərində anadan olub. O, 1995-ci ildə akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini başa vurub.

Şahin Seyidzadə 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Menecment" ixtisası üzrə magistr dərəcəsi, 2007-ci ildə Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi" ixtisası üzrə təhsil alıb, 2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası" üzrə magistr dərəcəsi alıb.

Bundan başqa, Şahin Seyidzadə 1999–2005-ci illərdə "Milli Debat Mərkəzi"nin direktoru, 2005–2007-ci illərdə "İnsan Resursları Məktəbi"nin rəhbəri olub.

2006–2012-cı illərdə bir sıra özəl müəssisələrin rəhbərlik vəzifələrində,2012–2016-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 2012–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub.

Şahin Seyidzadə 2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH qrupları"nın İcra Komitəsinin rəhbəridir.

2019-cu ildən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası "Gənc sahibkarlarla iş komissiyası"nın sədr müavinidir.

2019-cu ildən isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Sosial layihələr" müsabiqəsinin rəhbəridir.

9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə VI çağırış millət vəkili olaraq seçilib.

Azərbaycan Respublikasının Milli Məclisinin Elm və Təhsil, həmçinin Gənclər və idman Komitələrinin, "Ali təhsil haqqında" Azərbaycan Respublikası Qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış İşçi Qrupunun, həmçinin Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvüdür.

İngilis və rus dillərində sərbəst danışa bilir.

Ailəlidir, iki övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR