Ceyhun Bayramov BQXK prezidenti ilə itkin düşən azərbaycanlıların taleyini müzakirə edib

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində nazir Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

XİN-nin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BQXK arasındakı uzun illərdən bəri mövcud olan əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Azərbaycanla BQXK arasında Ermənistanın 30 ilə yaxın davam edən hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması istiqamətində göstərilən fəaliyyət qeyd edildi.

BQXK Prezidenti Azərbaycanla əməkdaşlığa açıq olduğunu və bu illər ərzində həyata keçirilən iş birliyindən məmnun olduqlarını ifadə etdi.

Nazir Ceyhun Bayramov itkin düşmüş şəxslərlə bağlı məkumatın əldə edilməsi, o cümlədən 1990-cı ilin əvvəllərindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin müəyyən edilməsi üçün müvafiq işlərin davam etdirilməsinin vacibliyini vurğuladı.

Görüşdə eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində mina məsələsi və bunun doğurduğu humanitar fəlakət məsələsi müzakirə mövzusu təşkil etdi. Tərəflər, mina probleminin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın BQXK ilə mümkün əməkdaşlığı üzrə fikir mübadiləsi apardılar.

Görüşdə tərəflər, həmçinin humanitar fəaliyyət ilə bağlı qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR