Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrikdə bu məqama diqqət -

"Cozef Baydenin məktubunun ingilis dili mətnində Novruz bayramı ifadəsinin Azərbaycan dilində yazılması da xüsusi jestdir. O, dünyanın supergücü tərəfindən Azərbaycana qarşı səmimi münasibət göstərdiyini büruzə verir".

Metbuat.az xəbər verir ki, bu fikirləri Müşfiq Ələsgərli özünün feysbuk hesabında yazıb. Həmin paylaşımı olduğu kimi təqdim edirik.

ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə ünvanladığı təbrik məktubu bayramlaşmaqdan daha çox diplomatik görüşün stenoqramına bənzəyir. ABŞ prezidenti məktubunda ciddi mesajlar verir, Azərbaycanla əməkdaşlığın önəminə diqqət çəkir. “Yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik” deyən prezident Azərbaycanla əməkdaşlıqda maraq doğuran məqamları da vurğuayıb.

“Bu il - ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”, - deyən Bayden Azərbaycanın sülh, əməkdaşlıq, təhlükəsizlik və tərəqqiyə verdiyi töhfələri yüksək qiymətləndirdiyini nümayiş etdirir. Həmçinin, təhlükəsizlik məsələlərinin həllində ABŞ-la Azərbaycanın ortaq maraqlarının olduğuna, onların birgə həllində Amerikanın istəklərinə işarə verir.

Cozef Baydenin məktubunun ingilis dili mətnində Novruz bayramı ifadəsinin Azərbaycan dilində yazılması da xüsusi jestdir. O, dünyanın supergücü tərəfindən Azərbaycana qarşı səmimi münasibət göstərdiyini büruzə verir. Əlavə olaraq, Novruz süfrəsi ətrafında şəkil çəkdirərək paylaşması bu jesti qüvvətləndirir.

Bu aralar Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazan, telefon açan, əməkdaşlıq təklif edən liderlər sırasında Bayden yeganə şəxs deyil. Son bir neçə ayda dünya liderləri tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış məktubların, telefon zənglərinin intensivləşməsi deməyə əsas verir ki, Azərbaycanın və Azərbaycan Prezidentinin dünyada böyük nüfuzu, gördüyü işlərin, irəli sürdüyü təşəbbüslərin dünyada üçün böyük önəmi vardır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR