Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Goranboy rayounun ərazisində yerləşən Boru kəhrizini bərpa edərək yerli icmanın istifadəsinə verdi.
Metbuat.az-a Beynəlxalq Miqrasiya Təşkilatının mətbuat xidmətindən verilən xəbərə görə, bərpa edilmiş kəhrizin suyundan 121 ailə həm içməli, həm də məişət ehtiyacları üçün istifadə etmək imkanı qazanmışlar.
Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə təxminən region əhalisini təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.
Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.