Baku.TV-nin hərbi müxbiri, jurnalist Fərdin İsazadə Ermənistanın terror təşkilatı ASALA tərəfindən hədələnir.

Metbuat.az xəbər verir ki, İsazadənin Caliber.Az-a verdiyi məlumata görə, hədələr “Telegram” vasitəsilə kobud şəkildə edilib:

"Bu təhdidlər mənim üçün heç nədir. Necə işləmişəmsə bundan sonra da elə davam edəcəm. Bu işdə erməni internet istifadəçilərinin klaviatura "qəhrəmanlar"ına əhəmiyyət vermək lazım deyil. 2020-ci ilin payızında silahlı ermənilər Azərbaycan ordusuna mane ola bilmədikləri kimi, indi də bizim işimizə mane ola bilməzlər”.

"Təbii ki, belə vəziyyətlərdə ayıq-sayıq olmaq lazımdır. Həm Ermənistan cəmiyyətində, həm də erməni separatçıları arasında "inciyənlər" çox olur. Biz Qarabağdan, Şərqi Zəngəzurdan verilişlər aparırıq və yayımı davam etdiririk. Mən şəxsən Qarabağda məni təhdid edənlərdən hər hansı biri ilə görüşməyə hazıram. Mən orada daim öz peşə fəaliyyətimlə məşğulam. Ermənilərin iddia və təhdidlərinə layiqincə cavab verə bilərəm”, - deyə İsazadə bildirib.

O qeyd edib ki, əvvəllər müxtəlif erməni internet istifadəçiləri tərəfindən təhdidlər alsa da, ilk dəfədir ki, belə təhdidlər ASALA terror təşkilatının üzvündən gəlib.

"Mən bu çağırışı qəbul edirəm. Mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzura baş çəkirəm. Azərbaycanlılar ora həmişəlik qayıdıblar. Bu yaxınlarda Azərbaycan-Ermənistan şərti sərhədindən böyük reportaj çəkmişik, sosial şəbəkələrdə aktivik. Düşünürəm ki, ermənilər bizim vəziyyətimizdən narahatdırlar və məni hədələyirlər”, - deyə İsazadə bildirib.

Jurnalist oxşar təhdidlərə baxmayaraq, peşə fəaliyyətini davam etdirəcəyini bildirib.

Qaynar xətt 0552252950