Dünyanın bir sıra ölkələrində dövlət məktəblərində hicab və digər dini geyimlərə məhdudiyyət qoyulub. Qaydalar ölkədən ölkəyə dəyişir. Belə ki, bəzi dövlətlər bütün nəzərəçarpan dini simvolları qadağan edir, digərlərində isə məhdudiyyət yalnız müəyyən yaş qrupuna və ya konkret geyim növünə aiddir.

Metbuat.az xəbər verir ki, dünyəvi təhsil prinsipini əsas götürən ölkələrdə məktəbli geyimi ilə bağlı qaydalar uzun müddətdir müzakirə olunur. Avropa ölkələri ilə yanaşı, Mərkəzi Asiyanın bir sıra dövlətlərində də dini geyimlərin təhsil müəssisələrində istifadəsinə məhdudiyyətlər tətbiq edilir.

Fransa

Fransada dövlət məktəblərində dini mənsubiyyəti açıq şəkildə nümayiş etdirən geyim və simvollar 2004-cü ildən qadağandır. Qanun hicabla yanaşı, yəhudi kippasını və dini mənsubiyyəti nəzərəçarpan şəkildə ifadə edən digər simvolları da əhatə edir.

Qadağa dövlət məktəblərinə, kolleclərə və liseylərə aiddir. Bununla belə, qanun dini mənsubiyyəti açıq şəkildə göstərməyən, kiçik ölçülü dini simvolların istifadəsini ümumi şəkildə qadağan etmir.

Avstriya

Avstriyada 1 sentyabr 2026-cı ildən etibarən 14 yaşına çatmamış qızların dövlət və özəl məktəblərin binalarında və ərazisində İslam ənənələrinə uyğun baş örtüyü taxmasına qadağa qüvvəyə minib.

Qayda məktəb ərazisində tətbiq edilir. Tələbin pozulması halında əvvəlcə şagird və valideynlərlə izahat söhbəti aparılır, təkrar pozuntular zamanı isə inzibati cərimə tətbiq oluna bilər.

Şimali Kipr Türk Cümhuriyyəti

Şimali Kipr Türk Cümhuriyyətində dövlət məktəblərində hicabla bağlı qaydalar 2025-ci ildə dəyişikliklərə səbəb olub. Həmin ilin martında qəbul edilən nizamnamə dəyişikliyi ilə lisey şagirdlərinə məktəbli forması ilə birlikdə dini inanclarına uyğun baş örtüyü taxmağa icazə verilib. Üzü tam örtən niqab, burqa və digər geyimlər isə qadağan edilib.

Lakin qərar məhkəməyə çıxarılıb. 25 sentyabr 2025-ci ildə Şimali Kipr Ali Məhkəməsi hicaba icazə verən nizamnamə dəyişikliyini konstitusiyaya zidd hesab edərək ləğv edib. Bunun nəticəsində dövlət məktəblərində geyimlə bağlı əvvəlki qaydalar bərpa olunub və şagirdlərin dini baş örtüklərindən istifadəsinə məhdudiyyət yenidən qüvvədə qalıb.

Qazaxıstan

Qazaxıstanda orta təhsil müəssisələri üçün məcburi məktəbli forması qaydaları dini geyim elementlərinin istifadəsinə yol vermir. Ölkənin elektron hökumət portalında dərc olunan izahda hicabın da bu məhdudiyyətə daxil olduğu açıq şəkildə bildirilir.

Qaydalara əsasən, məktəbli forması dünyəvi təhsil prinsipinə uyğun olmalı, dini mənsubiyyəti ifadə edən geyim elementlərini əhatə etməməlidir. Tələblər dövlət və özəl ümumi təhsil müəssisələrinə şamil olunur.

Özbəkistan

Özbəkistanda dövlət ümumi təhsil məktəblərində vahid məktəbli forması qaydaları tətbiq edilir. Nazirlər Kabinetinin 15 avqust 2018-ci il tarixli 666 nömrəli qərarı ilə təsdiqlənmiş qaydalarda şagirdlərin məktəb binasında baş örtüyü olmadan olmaları nəzərdə tutulur.

Sənəddə məktəbli formasına hicab, kippa, xaç və digər dini mənsubiyyəti ifadə edən elementlərin əlavə edilməsinə yol verilmədiyi göstərilir. Beləliklə, məhdudiyyət yalnız İslam dini ilə əlaqəli geyimlərə deyil, müxtəlif dinləri təmsil edən simvollara da aiddir.

Belçika

Belçikada dini simvollarla bağlı qaydalar ölkənin bütün məktəblərində eyni deyil. Flamand icmasının rəsmi təhsil sistemində şagirdlərin görünən dini simvollar taxmasına ümumi qadağa tətbiq olunur. Bu qayda hicabla yanaşı, digər din və inancları ifadə edən görünən simvolları da əhatə edir. Dini dərslərdə baş örtüyünə icazə verilməsi mümkün olsa da, ümumi dərslər zamanı məhdudiyyət tətbiq olunur.

Avropa İnsan Hüquqları Məhkəməsi 2024-cü ildə “Mikyas və digərləri Belçikaya qarşı” işi üzrə müraciəti qəbuledilməz elan edib. Məhkəmə Flamand icmasının dövlət təhsil sistemində bütün görünən dini simvollara tətbiq edilən qadağasının Konvensiyanın 9-cu maddəsinə özlüyündə zidd olmadığını bildirib.

Tacikistan

Tacikistanda dini geyimlərlə bağlı məhdudiyyətlər daha geniş hüquqi çərçivədə tətbiq edilir. 2024-cü ildə qəbul edilmiş qanun milli mədəniyyətə yad hesab edilən geyimlərin ictimai yerlərdə istifadəsinə məhdudiyyətlər gətirib. Qanunda hicab sözü ayrıca göstərilməsə də, ölkədə müsəlman qadınların baş örtüyü ilə bağlı məhdudiyyətlər tətbiq olunur. “Azadlıq” radiosunun 2026-cı ildə dərc etdiyi materialda hicabın Tacikistanın dövlət məktəblərində qadağan edildiyi qeyd edilir.

Almaniya

Almaniyada bütün ölkə üzrə şagirdlərə hicab taxmağı qadağan edən vahid federal qanun yoxdur. Təhsil sahəsində qaydalar federal torpaqların səlahiyyətinə daxildir və dini geyimlərlə bağlı yanaşmalar regionlara görə dəyişir. Bəzi federal əyalətlərdə məktəblərdə üzü tam örtən niqab və burqa kimi geyimlərə məhdudiyyət qoyulur.

Gülnar Nəcəfli / Metbuat.az