Ağdaşda təkrar qarğıdalı əkininə həsr olunmuş açıq tarla müşavirəsi keçirilib -

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Ağdaş rayonunda fəaliyyət göstərən “Türyançay” fermer təsərrüfatı MMC-nin təkrar qarğıdalı əkinlərinə və heyvandarlıqda sulu şirəli yem qrupuna aid olan qarğıdalı silosunun hazırlanması texnologiyasına həsr olunmuş açıq tarla müşavirəsi keçirilib.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, müşavirədə nazirliyin aidiyyəti şöbələrinin, elmi tədqiqat institutlarının rəhbərləri, tabeli qurumların, Dövlət Aqrar İnkişaf Mərkzələrinin nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.

Müşavirədə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev bildirib ki, taxıl biçinindən sonra təkrar əkinlərin aparılması fermerlərə gəlirlərini artırmağa, bir ildə iki dəfə subsidiya almağa, eyni zamanda torpaqlardan daha səmərəli istifadə etməyə imkan verir. Təkrar əkinlər arasında qarğıdalı əkini fermerlər üçün daha çox maraq kəsb edir. Taxıl biçini ilə növbəti mövsüm payızlıq əkinlərə qədər olan müddətdə sahədə silosluq qarğıdalı yetişdirilməsi heyvandarlıq təsərrüfatlarının sulu-şirəli yemə olan tələbatının ödənilməsini və qidalı yemlə təmintını yaxşılaşdırır. Təkrar qarğıdalı əkinləri xüsusilə südçülük üzrə ixtisaslaşmış təsərrüfatların qışlama dövründə yaşıl yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Rəfail Quliyev silos yeminin hazırlanması və saxlanılması ilə bağlı nazirlik tərəfindən təşkil olunan maarifləndirmə tədbirlərinin təkrar qarğıdalı əkinlərinə marağı artırdığını qeyd edib.

Daha sonra nazirliyin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin nümayəndəsi Tərlan Əsgərov fermerlər üçün “Qarğıdalı silosu və onun əhəmiyyəti” mövzusunda təqdimat keçirib. Qeyd olunub ki, silos bütün fəsillərdə, o cümlədən qış fəslində təzə otu əvəz edə bilir. Silosun qida dəyəri dəyişmir və hava şəraitinin dəyişməsi onun tərkibinə təsir göstərmir, silosun bütün hissələri yem üçün yararlıdır və tullantısı yoxdur. Az yer tutduğu üçün təsərrüfatlar üçün silos digər yemlərdən daha səmərəlidir.

Təqdimatdan sonra müşavirədə iştirak edən sahibkar və fermerlərin sualları ətraflı şəkildə cavablandırılıb. Daha sonra müşavir iştirakçıları “Türyançay” fermer təsərrüfatı MMC-nin təkrar qarğıdalı əkini sahəsində müasir texnikalar vasitəsilə biçin prosesini izləyiblər.

Açıq tarla müşavirəsində silosun yemləmədə rolu barədə məlumat verən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bildirib ki, heyvanların qış yemləməsində əsas yem komponenti silos sayılır. Növbəli əkin prosesində silosluq qarğıdalının becərilməsi, təsərrüfatların yem bazasının formalaşmasında, qidalı yem rasionunun tətbiqində xüsusi əhəmiyyəti var. Çünki silosluq qarğıdalı sulu-şirəli yemlər sırasında özünün qidalıq dəyərinə görə mühüm yer tutur. Onun tərkibindəki konservləşdirilmiş protein, vitamin və mineral maddələr süd məhsulunun artımında, maddələr mübadiləsinin fizioloji olaraq düzgün getməsində, immunsistemin güclənərək heyvanların sağlamlığında da xüsusi rol oynayır. Çinc damazlıq heyvanlardan adi yemləmə (bir tərəfli yaxud enerji dəyəri aşağı olan) ilə 18-22 litr süd əldə olunursa, qışlama dövründə silosdan istifadə etməklə süd istehsalını 25-35, balanslaşdırmış yemləmə zamanı 40 litrədək məhsuldarlığı artırmaq olar. Qış yemələməsində silosluq qarğıdalıdan istifadə maya dəyəri xərclərini azaltmağa, təsərrüfatların iqtisadi səmərə əldə etməsinə səbəb olur.

Qeyd edək ki, təkrar qarğıdalı əkini aparan fermerlər hər hektardan orta hesabla 40-60 ton məhsul götürürlər. Tərkibində karbohidratın çox olması ilə seçilən silos inəklərin qida rasionunda enerji və lif mənbəyi sayılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR