Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 941,4 min ton avtomobil benzini istehsal edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, 2025-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 0,3 % azdır.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 milyard 30,4 milyon manat olmaqla, əvvəlki ilin eyni vaxtı ilə müqayisədə 5,3 % azdır.
Ötən 8 ay ərzində Azərbaycanda 83,9 min ton mazut istehsal edilib. Bu göstərici 2025-ci il ilin 8 ayı ilə müqayisədə 45,7 % çoxdur.
Ötən aylar ərzində Azərbaycanda 1 milyon 559,6 min ton həcmində dizel yanacağı istehsal edilib ki, bu göstərici də ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 4,2 % azdır.
Hesabat dövründə 29,8 min ton sürtkü yağları, 104,6 min ton neft bitumu istehsal edilib. Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 18,7 % çox, neft bitumunun istehsalı isə 34,4 % azalıb.
Həmçinin, hesabat dövründə ölkədə 120,2 min ton maye qazlar, 380,6 min ton ağ neft, 161,9 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda neft koksunun istehsalı 8,1 % artıb, ağ neftin istehsalı 17,8 %, maye qazların istehsalı isə 10,3 % azalıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.