Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlunun gələcəyi ilə bağlı yeni məlumat yayılıb. İtaliya nəhəngi “İnter” 32 yaşlı yarımmüdafiəçi ilə müqaviləni uzatmaq üçün danışıqlara başlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İtaliya klubu Çalhanoğlu ilə yeni sözləşmə imzalamaq niyyətindədir. “İnter”in futbolçuya 1+1 illik müqavilə və ya birbaşa 2 illik sözləşmə təklif etməyi planlaşdırdığı bildirilir.

Çalhanoğlunun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. Klub rəhbərliyi təcrübəli futbolçunun komandadakı rolunu nəzərə alaraq onunla əməkdaşlığı davam etdirmək istəyir. “İnter”in yeni idman direktoru Dario Baccin də Çalhanoğlunun meneceri ilə rəsmi görüşlərin keçirildiyini açıqlayıb.

Danışıqlarda əsas məsələlərdən birinin futbolçunun maaşı olduğu qeyd edilir. Hazırda Çalhanoğlu “İnter”də mövsümə 6,5 milyon avro xalis maaş alır. Yeni müqavilənin şərtlərinə əsasən, onun məvacibinin azaldılması gündəmdədir.

Türkiyə millisinin kapitanının adı son vaxtlar ölkəsinin aparıcı klubları ilə də hallanıb. Lakin hazırkı məlumata görə, “İnter” Çalhanoğlunu komandada saxlamaq və onunla yeni müqavilə imzalamaq üçün danışıqları davam etdirir.