Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı 4-cü görüşdən sonra Ermənistan tərəfi adəti üzrə atəşkəsi pozmağa davam edir.

Müdafiə Nazirliyinin sonuncu yaydığı məlumata görə də, son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur.

Sentyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zivel və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan atəşə tutub.

Masada sülh danışıqları müzakirə edildikdən sonra Ermənistan qısa müddət sonra cəbhədə təxribata əl atır. Məqsəd nədir?

Hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a bildirdi ki, Ermənistan sülhlə bağlı danışıqlarda heç də səmimi deyil. Danışıqlarda iştirak isə sadəcə görüntü yaratmaqdır:

"Ermənistan artıq neçənci dəfədir ki, danışıqlar masasında sülhə yönəlik bəyanatlar səsləndirir. Qısa müddət sonra isə atəşkəsin pozulması, Qarabağa icazəsiz qeyri-qanuni səfərlərə şərait yaradır. Bu isə bir daha göstərir ki, Ermənistan sülh danışıqlarında qeyri-səmimidir. Sadəcə beynəlxalq ictimaiyyət qarşısında görüntü yaratmaq üçün danışıqlarda iştirak edir. Reallıqda isə qarşı tərəfin siyasi rəhbərliyi bölgədə heç də sülhün sabitliyinin təmin olunmasına çalışmır".

Ədalət Verdiyev: Erməni terrorunun qurbanı olmuş azərbaycanlı jurnalistlərin xatirəsi daim qəlbimizdə yaşayacaq - AZƏRTAC

Ədalət Verdiyev

Belə çıxır ki, Ermənistan "Qisas" əməliyyatı kimi cavab tədbirlərindən dərs almır. Ekspertin sözlərinə görə, səbrimizi sınayırlar. Cavab tədbirləri isə Ermənistan üçün ağır olacaq:

"Azərbaycan tərəfinin qisas, cəzlandırma kimi əməliyyatlarının növbəti mərhələsinə başlaması üçün münbit şərait yaradan Ermənistandır. Hesab edirəm ki, Azərbaycanın səbri sərhədsiz deyil. Mövcud atəşkəs pozuntularına, qanunsuz səfərlərə ən təsirli və adekvat cavablar yaxın günlərdə ortaya qoyulacaq. Ermənistan üçünsə bu cavab kifayət qədər ağır olacaq".

Gülər Seymurqızı