"Bu baş verən hadisələr birbaşa erməni təxribatlarına cavabdır. Nə qədər müddətdə davam edəcəyi isə bizdən asılı deyil".

Bu fikirləri Metbuat.az-a hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert bildirir ki, bu təxribatlar Ermənistanın 10 noyabr tarixli birgə bəyanatın şərtlərinə əməl etməməsinə sübutdur:

"Müharibədə darmadağın olan Ermənistan Ordusunun növbəti dəfə Azərbaycan sərhədlərində Kəlbəcər, Laçın, Daşkəsən rayonlarını atəşə tutması sağlam məntiqə sığmır. Bu, bir daha Ermənistan tərəfinin birgə imzaladığı bəyanatı yerinə yetirmək niyətində olmadığını nümayiş etdirir. Əsgərimizin həyatına və sağlamlığına təhlükə yaratması heç bir halda Azərbaycan tərəfindən qəbul edilə bilməz. Buna görə də növbəti dəfə erməni təxribatlarına adekvat və kifayət qədər təsirli cavab verildi. Bu əməliyyatların nə qədər davam edəcəyi isə Ermənistan tərəfinin davranışlarından asılıdır".

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Gülər Seymurqızı