"Müzəffər ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir" -

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib. Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var.

Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Prezidentin Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur. Heç kəsə sirr deyil ki, Ermənistan hər zaman üçüncü tərəfləri iki ölkə arasındakı sərhəd məsələlərinə cəlb etməyə çalışıb.

İki ölkənin sərhədində müxtəlif zamanlarda törədilmiş təxribatlar da bu məqsədlərə xidmət edir. Dövlət sərhədində gərginlik yaradan Ermənistan bütövlükdə regionu çalxalamaq, suyu bulandırmaq, öz siyasi spekulyasiyalarını həyata keçirmək üçün konfliktdən maksimum yararlanmağa çalışan xarici qüvvələri regiona cəlb etmək və özünə daha çox havadar qazanmaq istəyir. Ermənistan bu hərəkətləri ilə iki ölkənin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlardan açıq-aşkar imtina edir. Müəyyən xarici dairələrin erməniləri qızışdırması da istisna deyil. Sülh prosesi, sərhəd məsələləri ilə bağlı işlərin görüldüyü, görüşlərin keçirildiyi, müzakirələrin aparıldığı müxtəlif məqamlarda iki ölkənin sərhədində bu cür təxribatların baş verməsi çirkin niyyətlərdən xəbər verir. Deyəsən, Ermənistanda 44 günlük Zəfər savaşındakı dəmir yumruğun ağrısını unutmağa başlayıblar.. Azərbaycan tərəfi postmünaqişə dövrü və Ermənistanın sülhə məcbur edilməsi prosesinin maksimum dərəcədə ağrısız, təxribatsız, konfliktsiz, itkisiz başa gəlməsinin tərəfdarıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə açıq mətnlə qeyd edib. Lakin heç bir "qırmızı xət”ləri olmayan, verdiyi vədlərə heç vaxt sadiq qalmayan, buqələmun kimi tez-tez rəngini və mövqeyini dəyişən Ermənistan kimi bir düşmənin varsa, deməli, proses ağrısız, itkisiz ötüşməyəcək. Bütün bu kimi pozucu fəaliyyətlər, təxribatlar ilk növbədə Ermənistanın özü üçün ağır itkilərlə nəticələnəcək.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalq müraciətində bu barədə deyib: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.

Ali Baş Komandan İlham Əliyevin qürurla dediyi bir kəlamı xatırladıram: "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır". Əsgərlərin baxışlarında çırpınan qürur səngərin həndəvərlərində qərarlaşa bilmir. Bu qürur şəhidlərimizin son nəfəsdə dediyi, qəlpənin, güllənin amansızlığından deyə bilmədiyi "Təki Vətən yaşasın!" kəlmələrinin, irimiqyaslı təlimlərdə püxtələşən döyüşün, 2016-cı ilin aprel hadisələrinin, Günnüt əməliyyatının qürurudu. Eyni zamanda, Böyük Qələbəyə aparacaq döyüş ruhunun, mənəvi-psixoloji hazırlığın qürurudu. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradın təntənəsinin qürurudu, dünyanı heyrətləndirən möhtəşəmliyin qürurudu. Bu qüruru əsgərlərin əhatəsində yaşamaq necə xoşdur!..

Sumqayıt şəhəri üzrə İcra idarəsinin rəisi Fuad Nəbiyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR