Regionda YENİ GÜC:

"Məşhur analitiklər hər zaman Mərkəzi Asiya ilə bağlı danışarkən "Gün gələcək ki, Mərkəzi Asiya proseslərin düz mərkəzində olacaq" deyirdilər. O gün gəldi. Mərkəzi Asiyanın tərəfi, istiqaməti bəllidir. Bu Türkiyə və Türk Dövlətləri Birliyidir".

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Rusif Məmmədsoy deyib. Ekspert hesab edir ki, bu istiqamətdə Azərbaycan heç də Türkiyədən az iş görmür.

Rusif Məmmədsoy

"Bildiyiniz kimi Bişkeklə Azərbaycan qardaşlaşdı. Bundan əlavə Özbəkistan ilə, Qazaxıstan ilə, Qırğızıstan ilə bağlanan hərbi əməkdaşlıqla bağlı sənədlər sadə məsələlər deyil. Perspektivdə Türk Dövlətləri Birliyinin hərbi təşkilat quracağı halda zəmin hazırlanır. Bu çox vacib və həyatı əhəmiyyət daşıyır. Ona görə ki, TDB sadəcə humanitar təşkilat ola bilməz və bunun hər hansı ciddi nəticəsi olmayacaqdır. Bir müddət öncə Sergey Lavrovun bununla bağlı ilk günlərdə verdiyi maraqlı açıqlama vardı.

"Belə birlik yaransın. Bu bizim üçün təhlükəli deyil. Lakin, hərbi təşkilata çevrilərsə o zaman təhlükəlidir". Təxminən bu istiqamətdə deyilən fikirlər onu göstərirdi ki, belə bir hərbi birlik özümüzdən başqa kimsənin maraqlarına cavab vermir".

Bəs Mərkəzi Asiya ölkələri ilə belə bir təşkilat qura biləcəyikmi? Ekspert bildirdi ki, Orta Asiya ölkələrinə olan təsir səbəbindən belə bir təşkilatın qurulması ləngiyir.

"Orta Asiya ölkələrində sadəcə Rusiyanın təsiri yoxdur, eyni zamanda Qərbin, Çinin çox ciddi investisiyaları var və bu istənilən zaman həmin ölkələr üçün həm də təhlükəlidir. Çünki, həmin investisiyalar yatırılarkən sadəcə iqtisadi deyil, həm də siyasi-hərbi, strateji dividentlər hesablanıb. Artıq reallıq, ümumi mənzərə bir qədər fərqlidir. Belə ki, bu birlik həm də buna zidd duran ölkələrin diqqətini çəkir. Daha dəqiq desək Rusiya da perspektivdə bu birlikdə təmsil olunmaq istəyə bilər. Bu isə o deməkdir ki, yeni bir güc, regional deyil, qlobal güc olan Türkiyə meydana çıxır".

Ekspert onu da qeyd etdi ki, bu məqamda TDB ölkələri arasında bu istiqamətdə daha dərin, daha ciddi işlər görməliyik.

"Bəlkə də bəziləri bu birliyi bir qədər ciddi baxmır. Sadəcə bir misal göstərim ki, Macarıstan da bu birlikdə müşahidəçi statusu daşıyır. Ancaq bu sadəcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan olmayacaq. Ona görə də çox işləmək lazımdır. Hər şeydən öncə isə iqtisadi münasibətlər daha da dərinləşməlidir".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR