Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Metbuat.az-a FHN-dən verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Nərimanov rayonunun Z.Bünyadov prospekti 29 ünvanında yerləşən “Unimetal” MMC-yə məxsus tikinti materiallarının satışı obyektində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.
Belə ki, obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib. Müvəqqəti çəkilmiş elektrik xətlərindən, açıq sonluqlu, izolyasiya örtüyü zədələnmiş və sıradan çıxmış naqillərdən istifadəyə yol verilib, obyektin bəzi sahələrində elektrik xətləri yanar konstruksiyaların üzəri ilə çəkilib. Bina və qurğulara, açıq anbarlara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə, stasionar yanğın nərdivanlarına və yanğın inventarları saxlanılan yerlərə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin, girişlərin tutulmasına yol verilib, obyektin ərazisi, o cümlədən açıq anbarların aralarındakı yanğına qarşı ara məsafələri vaxtında yanar tullantılardan və digər yanar materiallardan təmizlənməyib, yanar və digər tullantıların xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) yığıb daşınması təmin edilməyib. Tullantıların ərazidə yandırılmasına yol verilib, satış sahələri aralarında olan yanğına qarşı ara məsafələri gözlənilməyib, satış məqsədi ilə malların yığılmasına yol verilib. Yanğına qarşı su mənbələrinin, bina və tikililərin girişlərinin tez tapılması üçün ərazinin gecə vaxtı işıqlandırılması təmin edilməyib, obyektin ərazisində siqaret çəkilməsinin qadağan edilməsi barədə xəbərdaredici nişanlar quraşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkarlanmış Nərimanov rayonunun Z.Bünyadov prospekti 29 ünvanındakı “Unimetal” MMC-yə məxsus tikinti materiallarının satışı obyektində işlərin və xidmətlərin göstərilməsinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.