Ermənistana “ağbirçək” səfəri davam edir -

Fransa parlamentinin spikeri Yael Braun-Pive Ermənistana səfər edəcək.

Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə spiker öz sosial şəbəkə hesabında məlumat verib. Səfər gələn həftə baş tutacaq.

Bu səfəri şərh edən politoloq Yeganə Hacıyeva deyir ki, erməni lobbisi əsasən vəzifədən getmək üzrə olan, təqaüd yaşı çatmış, siyasi karyerasının son akkordlarını yaşayan siyasətçiləri Ermənistana gətirirlər.

Yeganə Hacıyeva

“Erməni xalqının eşitmək istədiyi mesajları onların dilindən səsləndirməklə onları ruhlandırırlar. Süni şəkildə ruhlandırılan xalq isə lobbinin xidmətçisinə çevrilir. Siyasi ömrünün bitməsinə çox az qalmış Nensi Pelosini bir neçə ay öncə İrəvana gətirib hətta ağlatmaları da bu siyasətin nəticəsi idi. İndi isə Fransa Milli Assambleyasının sədri Yael Bron-Pivenin Ermənistana səfərə gəlməsi şousunu hazırlayıblar. Amma Milli Assambleya sədrinin həssas dövrdə İrəvana gəlməsindən Ermənistan rəhbərliyi Azərbaycan əleyhinə istifadə etməyə çalışacaq”.

Politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, BMT Təhlükəsizlik Şurasında növbəti uğursuzluğa düçar olan Emmanuel Makron indi də ermənilərin könlünü almaq üçün partiyadaşı, Fransa Milli Assambleyasının prezidenti Yael Bron-Piveni İrəvana göndərir.

“Ermənilər bu məsələyə görə Türkiyənin Afrin əməliyyatından narahatdır”

Elçin Mirzəbəyli

“Baş nazir Nikol Paşinyanın təbliğatçıları isə, artıq xanım Bron-Pivenin gözlənilən səfəri ilə bağlı “proqnoz”larını üyütməyə başlayıblar. Onların qənaətinə görə, Bron-Pive Birləşmiş Ştatlardan olan həmkarı “Nensi Pelosinin izi” ilə gəlir və bu səfər bölgədə yeni dəyişikliklərin əsasını qoyacaq. Amma “yeni dəyişikliklər”in nədən, yaxud nələrdən ibarət olacağını, nədənsə bir kimsə dilə gətirmir. Qeyd edim ki, Ermənistanda eyni “bayram” əhval-ruhiyyəsi ABŞ Konqresinin Nümayəndələr Platasının sədri Nensi Pelosinin səfəri öncəsi də nəzərə çarpırdı. Rusiya əleyhinə aksiyalar keçirilir, şüarlar səsləndirilir, Putinin şəkli Pelosinin “mübarək” portreti ilə əvəzlənir, “ellikcə” haylara hay verən hayhayı getmiş Nensi nənənin pişvazına çıxırdılar. Sonrası nə oldu? Nensi nənə gəldi, ahıl vaxtında günahlarını və dərdlərini yada salıb yanağından bir neçə damcı yaş axıtdı və getdi. Beləliklə, Yael Bron-Pive xala da gələcək, bir hovur ağlayacaq, fransızsayağı təbəssümlə ümid və təsəlli verib qayıdacaq Parisə”.

E.Mirzəbəyli qeyd etdi ki, ermənilərə görə, Yael Bron-Pive ilə Nensi Pelosinin arasında “mistik” bir bağlılıq da var.

“Bron-Pivenin doğulduğu şəhərin və Pelosi nənənin adı ingilis dilində eyni yazılır - “Nansy”. İndi ermənilər, niyəsini bilmirəm, bu iki “Nansy” arasında bağlılıq axtararaq, “qafiyə tutur”, Gümrüdə ruslara qarşı aksiya keçirir, öz qafaqlarına görə “manevr” edirlər. Amma yenə də anlaya bilmirlər ki, Peolosinin göz yaşlarında “duza qoyduqları” ümidlərini ən yaxşı halda Bron-PİVE ilə “yeyəcəklər””.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR