Rusiyalı və ukraynalı futbolçular arasında oteldə rəzillik -

Sosial şəbəkələrdə Antalyada eyni oteldə məskunlaşan Rusiyanın “Şinnik Yaroslavl” və Ukraynanın “FK Minaj” komandasının futbolçuları arasında baş verən davanın görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, iddialara görə, davaya səbəb rusiyalı futbolçuların otel işçilərinə qarşı kobud davranması olub. Ukraynalı futbolçuların buna etiraz etməsi davanın başlamasına səbəb olub. Dava zamanı bəzi futbolçuların sümükləri sınıb. Otel işçilərinin müdaxiləsi nəticəsində tərəfləri sakitləşdirmək mümkün olub. Komandalar ayrı-ayrı otelə yerləşdirilib.

Məsələyə münasibət bildirən rusiyalı futbolçu Artyom Semeykin deyib: “Ciddi zədəm yoxdur. Hər şey qaydasındadır və özümü yaxşı hiss edirəm. Açığı, mən bütün hekayəni bilmirəm. Otağımda yatırdım, sonra qışqırıb eşidib dəhlizə qaçdım. Dərhal camaatın içinə tullandım. Orada 20 nəfər var idi. Ölkəm təhqir olunanda bunun əksini edə bilməzdim”.

Davanın görüntüləri sosial mediada yayıldıqdan sonra iki klub açıqlama yayıb. “Şinnik Yaroslavl” klubu iddia edib ki, davanı ukraynalı futbolçular başladıb. Futbolçuların ciddi zədə almadığı vurğulanıb. “FK Minaj” klubu isə bildirib ki, davanın başlamasına Rusiya komandasındakı futbolçuların otel işçilərinə qarşı utanc verici davranışları səbəb olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR