Deputat qəbirisitanlıqda monitorinq apardı:

Deputat Razi Nurullayev Ombudsmanın məruzəsində qadınların pensiya yaş həddinin azaldılması ilə bağlı təklifini dəstəkləyib.

Metbuat.az xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı qeyd edib ki, qadınlar üçün pensiya yaşı 60 olsun, kişilər üçün 62 yaş:

"Deyiləcək ki, dünyada yaş həddi əsasən 65-dir. Axı o ölkələrdə tibbi əlçatanlıq, sosial yaşayış, əmək haqları və rahatlıq bizimlə müqayisədə daha yüksək səviyyədədir. Biz özümüzü onlarla necə müqayisə edə bilərik? Biz deputatlar xalqın içindəyik, onların evlərində oluruq, şikayətlərini dinləyirik və yaşayışlarını da çılpaq gözlə görürük. Kəndlərdə, qəsəbələrdə, rayonlarda, Bakının saysız-hesabsız gecəqondularında milyonlarla əhalimiz çətin vəziyyətdə yaşayır. Onun üçün də pensiya yaşını azaltmaq çox vacibdir".

Razi Nurullayev bildirib ki, hazırda yaşına görə ölənlərin sayı cavan ölənlərin sayından daha azdır:

"Ayda onlarla yas məclislərində oluram. Yaşlanıb ölənlərin sayı çox azdır. Bütün xəstəliklər də çox cavanlaşıb. 30 yaşlı cavan ürək tutmasından ölür, 20 yaşlı gəncin qan təzyiqi var, körpə uşaq onkologiya xəstəliyinə tutulur. Baxıram ki, rəhmətə gedənlərin çoxu 57-62 yaş arasıdır. Hətta qəbiristanlıqlarda da bir monitorinq aparmışam və son zaman ölənlərin əksəriyyəti yaşlanmadan dünyasını dəyişənlərdir. Biz gərək bu faktları nəzərə alaq. Bu səbəbdən, Ombudsmanın qadınların pensiyaya çıxmaq üçün yaş həddinin azaldılması təklifini dəstəkləyirəm. Qadınların 60, kişilərin isə 62 yaşında pensiyaya çıxması ədalətli olardı. Inanmaq istərdim ki, bu təkliflər diqqətsiz qalmayacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR